"Məktəb hər hansı dini və ya siyasi qrupun təsir meydanı deyil" - Əməkdar müəllimdən valideynlərə ÇAĞIRIŞ
"Məktəblərdə vahid geyim qaydaları ətrafında baş verənləri yalnız hicab mübahisəsi, valideyn narazılığı və ya məktəblə ailə arasında yaranmış anlaşılmazlıq kimi qiymətləndirmək məsələnin mahiyyətini görməməkdir. Geyim bu mübahisənin görünən tərəfidir. Əslində isə söhbət Azərbaycanın dünyəvi dövlət modelindən, dinin siyasi məqsədlərlə istifadəsindən və dövlət təhsilinin hansı prinsiplər əsasında fəaliyyət göstərəcəyindən gedir".
Bunu Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva dedi.
"Mən Azərbaycanın dünyəvi dövlət modelini və dövlətin qanuni təhsil siyasətini müdafiə edirəm. Çünki məktəb hər hansı dini və ya siyasi qrupun təsir meydanı deyil. Məktəbin əsas vəzifəsi uşağa elm və bilik vermək, müstəqil düşünməyi öyrətmək, onu gələcək həyata hazırlamaqdır. Bunun üçün ümumi qaydalar olmalı və həmin qaydalar qanuna uyğun şəkildə tətbiq edilməlidir.
Dünyəvilik dinə qarşı olmaq demək deyil. Heç kəsdən inancından imtina etməsi tələb olunmur. İnsan öz dini etiqadında azaddır, dövlət isə bütün vətəndaşlar üçün ümumi hüquqi çərçivəni qorumağa borcludur. Ancaq şəxsi dini seçimlə dövlət məktəbinin fəaliyyət prinsiplərini eyniləşdirmək olmaz. İman insanın mənəvi dünyasına aid ola bilər, təhsil siyasəti isə qanunvericilik və ümumi ictimai maraqlar əsasında müəyyən edilməlidir".
Həmsöhbətimizi narahat edən məsələlərdən biri də odur ki, baş verənlərin mahiyyətini anlamadan bu etirazlara qoşulan insanlar özləri də fərqinə varmadan daha geniş ideoloji təbliğatın iştirakçısına çevrilə bilərlər:
"Hər çağırışın arxasında kimin dayandığını, hansı məqsəd güddüyünü və nəticədə kimin maraqlarına xidmət etdiyini düşünmək lazımdır. İnsan özünü dini hüquqların müdafiəçisi hesab edə bilər, amma bu, onun qoşulduğu hər çağırışın mütləq həmin məqsədə xidmət etdiyi demək deyil.
Azərbaycan dini amilin siyasi alətə çevrildiyi bir coğrafiyada yerləşir. Qonşuluqda din dövlət ideologiyasıdır və onun ixracı da bu siyasətin bir hissəsidir. Bu baxımdan, məktəblərdə baş verən son hadisələrin xaricdən idarə olunması ilə bağlı iddialara biganə qalmaq olmaz. Bu iddialar faktlarla araşdırılmalıdır. Xarici müdaxiləni sübutsuz şəkildə təsdiqləmək də, mümkün təsir risklərini ümumiyyətlə nəzərə almamaq da düzgün yanaşma deyil. Dövlətin milli maraqlarını və təhsil sisteminin müstəqilliyini qorumaq məsuliyyəti var.
Bu hadisələrdə ən həssas məsələ isə uşaqlardır. Uşağın dini inancını öyrənməsi ilə onun din adı altında radikal ideyalara yönəldilməsi eyni şey deyil. Eynilə, milli-mənəvi dəyərləri qorumaqla uşağı sərbəst düşüncədən uzaqlaşdırmaq arasında da ciddi fərq var. Biz uşaqlara nə düşünməli olduqlarını diktə etməməli, onlara necə düşünməyi öyrətməliyik. Çünki sual verən, məlumatı yoxlayan və müxtəlif fikirləri təhlil edən insanı manipulyasiya etmək daha çətindir. Ona görə valideynlərə çağırışım belə olardı: Övladlarınızı məktəbdən uzaqlaşdırmayın, onları ideoloji qarşıdurmanın ön sırasına çıxarmayın. Etiraz etmək hüququ var, amma bu hüquq uşağın təhsilinə zərər vurmaq hesabına həyata keçirilməməlidir. Boykot nəticəsində hansısa qərarın dəyişəcəyinə zəmanət yoxdur, lakin dərsdən geri qalan uşağın itirdiyi vaxt realdır. Valideynin narazılığı başadüşüləndir, amma övladının gələcəyi hər hansı mübahisədən üstün olmalıdır. Azərbaycanın dünyəvi təhsil ənənəsi də bizə bunu xatırladır. Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə qız məktəbi açması, Mirzə Cəlilin cəhalətə və fanatizmə qarşı mübarizəsi xalqımızın elmə, maarifə və tərəqqiyə verdiyi dəyərin tarixi nümunələridir. Dünyəvi təhsil bizim üçün yad bir model deyil. Bu, cəmiyyətimizin maarifçilik ənənəsinin və müasir dövlətçilik anlayışının mühüm dayaqlarından biridir".
Sona Əliyeva qeyd etdi ki, mövqeyi aydın və dəyişməzdir:
"Dini inanca hörmət edilməli, dünyəvi dövlət prinsipləri qorunmalı, dövlətin qanuni qərarları icra olunmalı və uşaqlar hər cür siyasi və dini manipulyasiyadan müdafiə edilməlidir. Bu prinsiplər bir-birinə zidd deyil. Əksinə, hüquqa hörmət edən, biliyi və müstəqil düşüncəni əsas götürən cəmiyyətin formalaşması üçün hamısı vacibdir.
Bu gün məktəb qapısında mübahisə etdiyimiz məsələni yalnız geyimlə məhdudlaşdırsaq, əsl sualı cavabsız qoyacağıq: gələcək nəslin dünyagörüşünü elm və azad düşüncəmi formalaşdıracaq, yoxsa onun həssaslığından istifadə edən ideoloji təsirlərmi? Məktəb uşağın gələcəyini qurduğu yerdir, ideoloji mübarizənin meydanı deyil. Dünyəvi təhsili qorumaq isə sadəcə qaydaya riayət etmək yox, Azərbaycanın gələcəyinə sahib çıxmaqdır".
Aytəkin TOFİQQIZI













