"Məktəbə hücumun, müəllimi təhdid etməyin bəhanəsi ola bilməz!" - AÇIQLAMA
"Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələr bu məsələnin təkcə geyimlə deyil, həm də sosial bərabərlik, təhsil mədəniyyəti və milli həmrəylik baxımından əhəmiyyətini bir daha gündəmə gətirir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Qəvami Sadıqbəyli səsləndirdi.
O vurğuladı ki, vahid məktəbli forması sosial fərqlərin zahiri nümayişini azaldır, şagirdlərin ailələrinin maddi imkanlarından asılı olmayaraq özlərini kollektivin bərabərhüquqlu üzvü kimi hiss etmələrinə kömək edir:
"Məktəbdə əsas meyar geyim və maddi imkanlar deyil, bilik, bacarıq, intizam və mənəvi dəyərlər olmalıdır. Eyni zamanda, vahid məktəbli forması şagirdlərdə nizam-intizamı, kollektiv məsuliyyəti və məktəbə mənsubiyyət hissini gücləndirərək milli həmrəyliyə xidmət edə bilər. Bu addım gələcək nəslin sosial məsuliyyətli, vətənpərvər və bir-birinə hörmətlə yanaşan vətəndaşlar kimi yetişməsinə töhfə verir. Bununla belə, geyim qaydaları ətrafında yaranan mübahisələr dini etiqad və vicdan azadlığına hörmət prinsipini arxa plana keçirməməlidir. Dini etiqad və inanc məsələləri qanunvericiliyin tələbləri və uşaqların təhsil hüququ nəzərə alınmaqla, hüquqi və sivil müstəvidə həll edilməlidir. Hər hansı qayda ilə bağlı narazılıq məktəblərə hücuma, əmlakın dağıdılmasına, müəllimlərin təhqir və təhdid edilməsinə bəraət qazandıra bilməz".
.jpg)
Müsahibimiz vurğuladı ki, məktəb mübahisə və zorakılıq meydanı deyil, bilik, tərbiyə və gələcəyin formalaşdığı mühüm təhsil məkanıdır:
"Belə halların qarşısı dərhal alınmalıdır. İlk növbədə, şagirdlərin təhlükəsizliyi, müəllimlərin hüquqları və tədris prosesinin davamlılığı qorunmalıdır. Qorxu mühiti uşaqların diqqətini və öyrənmə həvəsini zəiflədə, təhsilə və cəmiyyətin gələcəyinə zərər vura bilər. Unutmamalıyıq ki, milli həmrəylik fərqliliklərə hörmət, qanunlara riayət və ümumi məqsədlər ətrafında birləşmək deməkdir. Vahid məktəbli formasının tətbiqi məhz bu prinsiplərə, bərabər imkanların təmin edilməsinə və sağlam təhsil mühitinin yaradılmasına xidmət etməlidir. Güclü dövlətin təməli savadlı və bərabər imkanlara malik gənc nəsildir".
NURİYYƏ













