“Şagirdləri zorakılığa kənar qüvvələr təhrik edir” - Vətəndaşlara ÇAĞIRIŞ
"Hesab edirəm ki, istənilən halda təhsil müəssisələrinə qarşı zorakılıq və hücum hallarına, şüşələrin sındırılmasına, müəllimlərə və məktəb rəhbərliyinə qarşı bu cür davranışlara yol verilməməlidir".
Bunu Redaktor.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Tuqay Rzazadə bildirdi. Onun sözlərinə görə, şagirdlər heç bir halda belə hallar üçün alət kimi istifadə edilməməlidirlər:
"Son görüntülərə baxanda gördük ki, məktəblilər də kənar qüvvələr tərəfindən məktəbin şüşələrini sındırmağa təhrik edilirlər. Onlar kənardan səsləndirilən şüarlar və müxtəlif çağırışlarla bu cür hərəkətlərə sövq edilir, hətta müəyyən mənada buna məcbur edilirlər. Bu, ümumiyyətlə, qəbuledilməzdir. Biz hüquqi dövlətdə yaşayırıq və belə halların qarşısı dərhal dövlət tərəfindən alınmalıdır. Son günlər baş verən hadisələrlə bağlı həbs edilən şəxslərin və digər iştirakçıların qanun qarşısında cavab verdiyini də gördük. Hesab edirəm ki, belə məsələlərdə səbirli olmaq, dövlətin qəbul etdiyi qərarlara riayət etmək və ən əsası, təhsil müəssisələrinin qaydalarına uyğun davranmaq daha məqsədəuyğundur".
Ekspert vətəndaşlara tövsiyə etdi ki, mediada və televiziyada yayılan məlumatları izləyərkən rəsmi mənbələrə, xüsusilə Elm və Təhsil Nazirliyinin və digər rəsmi qurumların sosial şəbəkə hesablarında paylaşılan məlumatlara əsaslansınlar:
"Çünki son günlər sosial şəbəkələrdə, sanki, informasiya müharibəsi gedir. Təəssüf ki, bir çox hesablar vasitəsilə insanları çaşdıran, onların diqqətini əsas məsələlərdən yayındıran saxta məlumatlar paylaşılır. Buna görə də insanları belə məlumatlara inanmamağa, yalnız nazirliyin və digər rəsmi qurumların yaydığı məlumatlara əsaslanmağa çağırıram".
NURİYYƏ













