“Hicaba görə məktəbdə zorakılığa yol vermək olmaz” - Direktor müavinindən ÇAĞIRIŞ

 18:13 14.10.2026     112

“Son günlər məktəblərdə hicabla bağlı müzakirələrin aqressiya, qarşıdurma, zorakılıq və təxribat halları ilə müşayiət olunması cəmiyyətdə ciddi narahatlıq doğurur. Belə məsələlərə münasibət bildirərkən emosiyalara qapılmadan, hüquqi prinsipləri, uşaqların mənafeyini, məktəbin təyinatını və cəmiyyətdə qarşılıqlı hörmətin qorunmasını əsas götürmək lazımdır”.

Bunu Redaktor.az-a açıqlamasında Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində üç kitabın müəllifi və təlimçi, “Azərbaycan Təhsili” maarifləndirici sosial platformasının rəhbəri, təhsil eksperti Aqşin Kazımov bildirdi.

Onun sözlərinə görə, geyim seçimi və dini baxışlarla bağlı fikir ayrılıqları heç bir halda zorakılığa əsas verməməlidir:

“İlk növbədə qeyd etmək istəyirəm ki, heç bir geyim seçimi, dini baxış, dünyagörüşü və ya fikir ayrılığı zorakılığa, təhqirə, hədə-qorxuya və qanunazidd davranışlara bəraət qazandıra bilməz. Hicabla bağlı məsələlər də daxil olmaqla, məktəbdə yaranan bütün mübahisələr qanun çərçivəsində, təmkinlə və qarşılıqlı hörmət əsasında həll edilməlidir.

Məktəb hər şeydən əvvəl təhsil və tərbiyə müəssisəsidir. Burada şagirdlərə yalnız fənlər öyrədilmir, eyni zamanda onların hüquqi düşüncəsi, vətəndaşlıq mövqeyi, başqalarının hüquqlarına hörməti və davranış mədəniyyəti formalaşdırılır. Buna görə də məktəb mühitində hər hansı məsələ müzakirə olunarkən əsas məqsəd qarşıdurma yaratmaq deyil, təhsil prosesinin təhlükəsizliyini, nizam-intizamı və uşaqların qanuni hüquqlarını qorumaq olmalıdır”.

Ekspert hicabla bağlı mübahisələrdə həm məktəbin müəyyən etdiyi qaydaların, həm də şagirdlərin hüquqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb:

“Hicabla bağlı mübahisələrdə də eyni prinsip əsas götürülməlidir. Bir tərəfdən, dövlət ümumi təhsil müəssisəsində qüvvədə olan geyim qaydaları və qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Digər tərəfdən, bu qaydaların tətbiqi zamanı şagirdlərin ləyaqəti alçaldılmamalı, onlara qarşı təhqiramiz və ayrı-seçkilik yaradan münasibətə yol verilməməlidir”.

Aqşin Kazımovun fikrincə, belə həssas məsələlərdə bütün tərəflər məsuliyyətli davranmalı, mübahisələrin qarşıdurmaya çevrilməsinə imkan verməməlidirlər.

“Mənim fikrimcə, belə həssas məsələlərdə həm məktəb rəhbərliyi, həm müəllimlər, həm valideynlər, həm də ictimaiyyət nümayəndələri son dərəcə məsuliyyətli davranmalıdırlar. Çünki böyüklərin emosional və düşünülməmiş addımları bəzən uşaqlar arasında gərginliyi daha da artırır və onların təhsil mühitinə mənfi təsir göstərir”.

Həmsöhbətimiz dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının hüquqi əsaslarına da diqqət çəkib:

“Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa 2026-cı ildə edilmiş dəyişikliklərlə dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim forması ilə bağlı tələblərə riayət etməsi ayrıca nəzərdə tutulub. Qanunun 12.13-1-ci maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər geyimlə bağlı tələblərə riayət etməlidirlər.

Bundan əlavə, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə şagirdlərin geyim formalarının təsvirlərinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməməsi, geyim tələblərinə riayət olunması ilə bağlı məsələlərin isə məktəbin Pedaqoji Şurası tərəfindən həll edilməsi nəzərdə tutulur”.

Ekspertin sözlərinə görə, qanunvericiliyin tələblərinin mövcudluğu onların tətbiqi zamanı şagirdlərin hüquqlarının və ləyaqətinin qorunması öhdəliyini aradan qaldırmır.

“Bu hüquqi tələblər məktəbdə geyim qaydalarının tətbiqini aktuallaşdırır. Lakin onların icrası zamanı da qanunçuluq, insan ləyaqətinə hörmət və uşaqların hüquqlarının qorunması prinsipləri gözlənilməlidir.

Mən hesab edirəm ki, məktəb rəhbərliyi geyim qaydalarını şagirdlərə və valideynlərə aydın şəkildə izah etməli, yaranan anlaşılmazlıqları dialoq yolu ilə həll etməyə çalışmalıdır. Qaydaların tətbiqi zamanı heç bir uşağın təhqir edilməsinə, hədələnməsinə, fiziki və ya psixoloji zorakılığa məruz qalmasına yol verilməməlidir.

Eyni zamanda, qanuni tələblər də emosional etirazlar və ya şəxsi mövqelər əsasında birtərəfli qaydada kənara qoyulmamalıdır. Məktəb rəhbərliyinin vəzifəsi şəxsi mübahisə yaratmaq deyil, qanunvericiliyin tələblərini düzgün tətbiq etmək və təhlükəsiz təhsil mühitini qorumaqdır”.

Aqşin Kazımov məsələnin digər mühüm tərəfinin uşaqların böyüklər arasındakı mübahisələrə cəlb edilməsi olduğunu bildirib:

“Hicab məsələsi ailələr, valideynlər və cəmiyyət üçün həssas mövzu ola bilər. İnsanların dini inanclarına hörmətlə yanaşmaq, onları dinləmək və narahatlıqlarını nəzərə almaq vacibdir. Lakin dini həssaslıqdan istifadə edərək uşaqları aqressiv davranışlara, təhqirə, hədə-qorxuya, qarşıdurmaya və digər qanunazidd hərəkətlərə sövq etmək qəbuledilməzdir”.

Həmsöhbətimiz uşaqların hüquqlarını qanuni yollarla müdafiə etməklə onları qarşıdurmaya təşviq etmək arasında fərq qoyulmasının vacibliyini vurğuladı:

“Əgər hər hansı şəxs uşağa baş verən hadisəni sakit şəkildə müzakirə etməyi, hüquqlarını qanuni yollarla müdafiə etməyi və valideynlərinə müraciət etməyi tövsiyə edirsə, bu, məsuliyyətli yanaşmadır. Ancaq uşağa məktəb əməkdaşları ilə qarşıdurmaya girmək, digər şagirdləri qızışdırmaq və ya zorakılığa əl atmaq tapşırılırsa, bu davranışın nəticələri ciddi qiymətləndirilməlidir.

Burada bir məqamı da xüsusi vurğulamaq istəyirəm: uşağın dini inancına hörmət etmək başqa, onun dini hisslərindən istifadə edərək onu qarşıdurmaya cəlb etmək tamam başqa məsələdir. Yetkinlik yaşına çatmayan şəxslər böyüklərin verdiyi göstərişlərin mümkün hüquqi və şəxsi nəticələrini həmişə tam dərk etməyə bilərlər. Buna görə də valideynlər, müəllimlər və uşaqlara təsir göstərən digər şəxslər sözlərinin və davranışlarının nəticələrinə görə məsuliyyətlə yanaşmalıdırlar”.

Ekspert mümkün təhrik hallarının araşdırılmasında faktların əsas götürülməli olduğunu da qeyd edib:

“Əgər konkret hadisədə uşağın qanunazidd hərəkətə təhrik edilməsi ehtimalı varsa, bu, şayiələr və emosional ittihamlar əsasında deyil, faktlar və qanunvericiliyin tələbləri əsasında araşdırılmalıdır”.

Aqşin Kazımov valideynlərə və məktəb rəhbərlərinə də müraciət edərək uşaqların təhlükəsizliyinin və təhsil hüququnun qorunmasının vacibliyini vurğuladı:

“Valideynlərdən xahişim budur ki, uşaqların təhsil hüququnu, təhlükəsizliyini və gələcəyini böyüklərin mübahisələrinin mərkəzinə çevirməsinlər. Hər hansı geyim qaydası ilə razılaşmadıqda məsələni məktəb rəhbərliyi ilə müzakirə etmək, əsaslandırılmış müraciət etmək və qanunla nəzərdə tutulmuş hüquqi vasitələrdən istifadə etmək mümkündür.

Məktəb rəhbərlərinə isə çağırışım budur ki, belə həssas məsələlərdə emosional qərarlardan uzaq olsunlar. Şagirdlərlə və valideynlərlə ünsiyyətdə təmkinli davranmaq, qüvvədə olan qaydaları düzgün izah etmək, münaqişələrin böyüməsinin qarşısını almaq və uşaqların təhlükəsizliyini qorumaq əsas prioritet olmalıdır”.

Həmsöhbətimiz məktəblərdə baş verən aqressiya və zorakılıq hallarının diqqətdən kənarda qalmamalı olduğunu bildirdi:

“Əgər məktəbdə aqressiya və zorakılıq baş verirsə, hadisə dərhal araşdırılmalı, zərərçəkmiş şəxslər qorunmalı, iştirakçıların izahatları alınmalı və zəruri tədbirlər görülməlidir. Heç bir hadisə geyim, din və ya şəxsi münasibətlər bəhanəsi ilə ört-basdır edilməməlidir. Eyni zamanda, məktəb kollektivinə və ictimaiyyət nümayəndələrinə də müraciət edirəm: təsdiqlənməmiş məlumatları yaymaqdan, uşaqları ictimai qınaq obyektinə çevirməkdən və münaqişəni daha da dərinləşdirən çağırışlardan çəkinək”.

Aqşin Kazımovun mövqeyinə görə, məktəbdə qanunun tələbləri ilə uşaqların hüquqlarının qorunması bir-birinə zidd məsələlər kimi təqdim edilməməlidir:

“Bu iki məsələ bir-birinə qarşı qoyulmamalıdır. Dövlət ümumi təhsil müəssisəsində müəyyən edilmiş geyim qaydalarına riayət olunması qanunvericiliyin tələbidir. Bununla yanaşı, qaydaların tətbiqi zamanı şagirdin ləyaqəti qorunmalı, heç kimə qarşı zorakılığa və alçaldıcı münasibətə yol verilməməlidir.

Qanuni tələbə etirazın yolu da zorakılıq deyil, hüquqi və sivil müraciətdir. Yetkinlik yaşına çatmayan uşaqları qanunazidd hərəkətlərə təşviq etmək isə heç bir halda normal qəbul edilə bilməz. Konkret halda belə bir təhrik olubsa, məsələ sübutlar əsasında araşdırılmalı və qanunvericiliyə uyğun qiymət verilməlidir”.

Direktor müavini sonda cəmiyyəti hicab məsələsini uşaqlar arasında qarşıdurma səbəbinə çevirməməyə, qanunlara və insan ləyaqətinə hörmətlə yanaşmağa çağırdı:

“Hicab məsələsini uşaqlar arasında düşmənçilik predmetinə çevirməyək. Qanunun tələblərinə hörmət edək, dini həssaslıqlara məsuliyyətlə yanaşaq, uşaqları böyüklərin mübahisələrindən və qarşıdurmalarından qoruyaq. Unutmayaq ki, məktəbin əsas vəzifəsi uşaqları bir-birinə qarşı qoymaq deyil, onları elmli, savadlı, məsuliyyətli və qanunlara hörmət edən vətəndaşlar kimi yetişdirməkdir.

Uşaqların təhlükəsizliyini qorumaq, onları qanunazidd davranışlardan çəkindirmək və məktəbdə sağlam mənəvi mühit yaratmaq hamımızın ortaq məsuliyyətidir. Qanunçuluq olmalıdır, amma zorakılıq olmamalıdır. İnam və dünyagörüşünə hörmət olmalıdır, amma uşaqların hisslərindən istifadə edilməməlidir. Məktəbdə intizam qorunmalıdır, amma insan ləyaqəti heç vaxt unudulmamalıdır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən