"Məktəb mübahisə meydanı deyil" - Deputatdan məktəbli forması ilə bağlı sərt mesaj
“Məktəblərdə son günlər müşahidə olunan aqressiya, şiddət, zorakılıq və müxtəlif qanun pozuntuları göstərir ki, təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin qorunması, şagirdlərdə qanunlara hörmət və məsuliyyət hissinin formalaşdırılması olduqca vacibdir. Məktəb yalnız bilik verən müəssisə deyil, eyni zamanda milli-mənəvi dəyərlərin, vətəndaşlıq məsuliyyətinin və ictimai davranış mədəniyyətinin formalaşdığı mühüm tərbiyə məkanıdır. Bu baxımdan məktəbdə nizam-intizam qaydalarına riayət olunması, müəllimə hörmət, şagirdlər arasında qarşılıqlı münasibətlərin düzgün qurulması ümumi təhsil siyasətinin ayrılmaz hissəsidir”.
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov dedi.
Onun sözlərinə görə, vahid məktəbli formasının dünyəvilik prinsipinə uyğunluğuna etiraz edənlərə çağırışım ondan ibarətdir ki, bu məsələyə emosiyalar və yanlış yozumlar üzərindən deyil, dövlətimizin Konstitusiyası, qanunvericiliyi və təhsilin mahiyyəti baxımından yanaşsınlar:
"Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşılır. Lakin dini etiqad azadlığı ilə ümumi təhsil müəssisələrində müəyyən edilmiş qaydalara əməl olunması bir-birinə qarşı qoyulmamalıdır. Dünyəvilik dinə qarşı münasibət deyil, dövlətin və təhsil sisteminin dini təsirlərdən asılı olmadan fəaliyyət göstərməsi, bütün şagirdlərə bərabər yanaşılması deməkdir”.
Millət vəkili vurğuladı ki, vahid məktəbli formasının əsas məqsədi şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almaq, bərabərliyi təmin etmək və təhsil mühitində vahid intizam qaydaları yaratmaqdır:
“Məktəb hər hansı dini və ya ideoloji mübahisənin aparıldığı məkan deyil. Burada əsas diqqət uşaqların keyfiyyətli təhsil almasına, dünyagörüşünün inkişafına, elmi biliklərə yiyələnməsinə və layiqli vətəndaş kimi yetişməsinə yönəlməlidir. Buna görə də məktəbli geyimi ilə bağlı müəyyən edilmiş qaydalar şəxsi mübahisələrin deyil, qanunvericiliyin və dövlətin təhsil siyasətinin çərçivəsində müzakirə olunmalıdır.
Eyni zamanda, bu məsələdən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmağa, dini həssaslıqları istismar etməyə və dövlətin dünyəvilik prinsipini yanlış təqdim etməyə çalışan yanaşmalara da diqqətlə yanaşmaq lazımdır. Məktəblərdə zorakılıq və aqressiya hallarının müzakirə olunduğu bir vaxtda əsas məqsədimiz uşaqlar arasında sağlam münasibətləri, qarşılıqlı hörməti və təhlükəsiz təhsil mühitini gücləndirmək olmalıdır. İstənilən fikir ayrılığı hüquqi çərçivədə, qarşılıqlı hörmət əsasında həll edilməli, uşaqların təhsil hüququ və psixoloji təhlükəsizliyi siyasi və ideoloji mübahisələrin predmetinə çevrilməməlidir.
Mənim çağırışım budur: məktəbi mübahisə meydanına deyil, bilik, tərbiyə və gələcəyimizin formalaşdığı məkana çevirək. Milli-mənəvi dəyərlərimizə sahib çıxmaqla yanaşı, dünyəvi dövlətçilik prinsiplərimizi, qanunlara hörməti və təhsil qaydalarını da qoruyaq. Çünki güclü dövlət yalnız fiziki təhlükəsizliyi təmin edən deyil, həm də sağlam düşüncəli, məsuliyyətli və milli dəyərlərinə bağlı nəsil yetişdirən dövlətdir”.
Aytəkin TOFİQQIZI













