Süni intellekt üzrə tanınan alimimiz Almaniya universitetində professor OLDU
Azərbaycanlı tədqiqatçı Nicat Mehdiyev Almaniyanın Leypsiq Universitetində İnformasiya Sistemləri, xüsusilə İntellektual İnformasiya Sistemləri və Prosesləri sahəsində interim professor qismində fəaliyyət göstərəcək.
Redaktor.az xəbər verir ki, Nicat Mehdiyev 1 oktyabr 2026-cı il tarixindən etibarən müvafiq sahə üzrə professor kimi çalışır.
O, indiyədək Almaniyanın Süni İntellekt üzrə Tədqiqat Mərkəzinin (DFKI) İqtisadi İnformatika İnstitutunda bölmə meneceri və baş tədqiqatçı kimi çalışıb.
Nicat Mehdiyev iqtisadi informatika üzrə bakalavr təhsilini Ziqen Universitetində alıb. Daha sonra Münhen Texniki Universiteti və Auqsburq Universitetində maliyyə və informasiya menecmenti üzrə magistr proqramını bitirib. Saarland Universitetində doktorluq dissertasiyasını izah edilə bilən süni intellektin proqnozlaşdırıcı proses analitikasında tətbiqinə həsr edib.
Onun habilitasiya işi isə etibarlı proses intellektinin inkişafı məqsədilə qeyri-müəyyənliyin kəmiyyətcə qiymətləndirilməsi ilə izah edilə bilən süni intellektin qarşılıqlı inteqrasiyasına həsr olunub.
N.Mehdiyevin əsas tədqiqat istiqamətlərinə izah edilə bilən süni intellekt, proseslərin intellektual təhlili (Process Mining), informasiya sistemləri üzrə tədqiqatlar və insan mərkəzli süni intellekt daxildir. O, xüsusilə biznes proseslərinin proqnozlaşdırılması və təhlili, eləcə də verilənlərə əsaslanan qərarların dəstəklənməsi üçün etibarlı süni intellekt metodlarının hazırlanması və tətbiqi ilə məşğul olur.












