Məleykə Abbaszadə müəllimləri tənqid etdi: Təhsil eksperti irada münasibət bildirdi

 13:15 20.10.2026     203

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahanlardan sonra keçirilən müzakirələrdə müəllimlərin və təhsil ekspertlərinin iştirak etməməsini tənqid edib. Onun bu iradı təhsil ictimaiyyətində müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Vüsət Əzizov hesab edir ki, imtahanlardan sonra müzakirələrin keçirilməsi və həmin prosesdə müəllimlərlə ekspertlərin iştirakı təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ekspertin sözlərinə görə, imtahanların nəticələri ilə yanaşı, sualların məzmunu, tədris proqramlarına uyğunluğu və qiymətləndirmə mexanizmləri də ətraflı təhlil edilməlidir:

“İmtahanlardan sonra müəllimlərin və təhsil ekspertlərinin müzakirələrdə iştirak etməsi vacibdir. Çünki imtahan yalnız şagirdlərin biliklərinin yoxlanılması deyil, həm də tədrisin keyfiyyətini, proqramların tətbiqini və qiymətləndirmə mexanizmlərini təhlil etmək üçün bir fürsətdir.

Amma burada bir məqamı da nəzərə almalıyıq ki, müzakirələrdə iştirak etməmək məsələsinə yalnız müəllim və ekspertlərin məsuliyyəti kimi yanaşmaq düzgün olmaz. Müəllim və ekspertlər müzakirələrə dəvət olunmalı, onların fikirlərini sərbəst ifadə etməsi üçün şərait yaradılmalı, səsləndirilən təkliflər isə nəzərə alınmalıdır”.

Vüsət Əzizov qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi sosial şəbəkə hesablarında müzakirələrlə bağlı mütəmadi paylaşımlar edir. Bununla yanaşı, DİM sədri də müəllim və ekspertlərin müzakirələrdə iştirak etməməsi məsələsini hər il gündəmə gətirir.

Ekspert hesab edir ki, problemin həlli üçün məsuliyyəti yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Onun fikrincə, müzakirələrin səmərəli təşkili ilə yanaşı, müəllim və ekspertlər də öz mövqelərini konkret faktlar və əsaslandırılmış təkliflərlə ortaya qoymalıdırlar.

“Digər tərəfdən, müəllim və ekspertlərin də məsuliyyəti var. İmtahan suallarını təhlil etmədən, konkret faktlara əsaslanmadan yalnız sosial şəbəkələrdə ümumi tənqidlər səsləndirmək konstruktiv yanaşma deyil. Əgər hansısa sualın proqramdan kənar olduğunu, qeyri-müəyyənlik yaratdığını və ya şagirdlərin biliklərini obyektiv ölçmədiyini düşünürüksə, bunu konkret nümunələrlə əsaslandırmalı və alternativ təkliflər irəli sürməliyik”, - deyə o bildirdi.

Vüsət Əzizovun fikrincə, müzakirələrin daha səmərəli olması üçün DİM tərəfindən də müəyyən addımlar atılmalıdır. O hesab edir ki, imtahanlardan sonra keçirilən müzakirələr sistemli xarakter daşımalı, müxtəlif fənlər üzrə mütəxəssislərin iştirakı təmin edilməli və mübahisəli məsələlərə aydınlıq gətirilməlidir.

Ekspert bu baxımdan açıq müzakirələrin təşkilini, sualların seçilmə prinsiplərinin və qiymətləndirmə meyarlarının izah olunmasını vacib sayır:

“Müxtəlif fənlər üzrə müəllimlərin, metodistlərin, müstəqil ekspertlərin və aidiyyəti mütəxəssislərin iştirakı ilə açıq müzakirələr keçirilməli, mübahisəli sualların seçilmə prinsipləri və qiymətləndirmə meyarları izah olunmalıdır. Bu, həm ictimai etimadı gücləndirər, həm də gələcək imtahanların keyfiyyətinin yüksəlməsinə kömək edər”.

Müsahibimiz vurğuladı ki, imtahanlardan sonrakı müzakirələr qarşılıqlı ittihamlar və iradlarla məhdudlaşmamalı, konkret problemlərin müəyyənləşdirilməsinə və onların həlli yollarının tapılmasına xidmət etməlidir.

"Bunun üçün həm DİM-in tənqid və təkliflərə açıq olması, həm də müəllim və ekspertlərin müzakirələrdə fəal iştirak etməsi vacibdir. İmtahanlardan sonra müzakirələr qarşılıqlı irad bildirmək üçün deyil, problemləri müəyyənləşdirib həll yolları tapmaq üçün keçirilməlidir. DİM müzakirələrə açıq olmalı, müəllim və ekspertlər isə həmin prosesdə iştirak etməkdən çəkinməməlidirlər. Tənqid də, cavab da, təklif də konkret faktlara əsaslanmalıdır. Çünki bu prosesin mərkəzində qurumların və ya ayrı-ayrı şəxslərin mövqeyi deyil, şagirdlərin mənafeyi və təhsilin keyfiyyəti dayanır”, - deyə Vüsət Əzizov fikirlərini yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən