“DİM üçün maraqlı şəxslər dəvət alırlar” - Ekspertdən İRAD
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan proqramları ilə bağlı keçirilən seminarlarda müəllimlərin, ekspertlərin və digər maraqlı tərəflərin iştirak səviyyəsinin aşağı olduğunu bildirib. Onun sözlərinə görə, imtahanların çətinliyi ilə bağlı obyektiv fikir yürütmək üçün nəticələr və statistik təhlillərlə yanaşı, imtahanöncəsi müzakirələrdə də fəal iştirak vacibdir. DİM sədri imtahanlardan sonra yaranan narazılıqların səbəblərinin əvvəlcədən müzakirələr aparılmaqla araşdırılmasının əhəmiyyətini vurğulayıb.
Maraqlıdır, müəllim və ekspertlərin bu seminarlara marağının az olması DİM-in təşkilatçılığı, yoxsa təhsil ictimaiyyətinin passivliyi ilə bağlıdır?
Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli qeyd etdi ki, DİM özünün qrafikə uyğun fəaliyyət proqramını həyata keçirir. Bununla belə, ekspert müzakirələrin əhatə dairəsi və məlumatlandırma ilə bağlı müəyyən sualların olduğunu düşünür:
“Ancaq belə düşünürəm ki, kimlərsə ya Dövlət İmtahan Mərkəzi üçün maraqlı şəxslərdirsə, adət üzrə onlar dəvət alırlar və yaxud da ki, geniş müzakirə olmur. Şəxsən məndən soruşursunuzsa, mən DİM-in ancaq mənə lazım olduğu vaxt saytlarına girib nələrsə izləyə bilirəm. Amma ümumi hansı zaman müzakirələr açılır, nələr müzakirə olunur? Açıq desəm, bundan şəxsən özümün xəbərim olmur”.
Məzahir Məmmədli hesab edir ki, müzakirələrdə müəyyən müəllimlərin və mütəxəssislərin iştirakını müşahidə etmək mümkün olsa da, bu proses daha geniş auditoriyanı əhatə etməlidir. O, müzakirələrin təşkili və ictimaiyyətə çatdırılması üsullarının yenilənməsini vacib sayır:
“Ancaq prosesin gedişində aparıcı müəllimlərin, marker müəllimlərin, digər bir neçə şəxsin maraqlarını, mövqelərini orada müşahidə edə bilirik. Yaxşı olar ki, bu kimi məsələlər geniş müzakirəyə təqdim olunsun. İndi artıq zaman, dövr dəyişib. Efirlərdən çox bu məsələlər sosial şəbəkə üzərindən qurulsa, daha yaxşı olar.
Məsələn, Dövlət İmtahan Mərkəzinin özünün həm WhatsApp kanalı var, həm sosial şəbəkə seqmentlərində geniş imkanları var ki, oradan da müzakirə aça bilərlər. Amma, yəni, görünür ki, bu məsələdə müəyyən məhdudiyyətlər var”.
Aytəkin TOFİQQIZI












