Türkiyədə imam-xətib məktəblərində nə baş verir? - Keçmiş deputatdan diqqətçəkən AÇIQLAMA
“AKP hakimiyyəti dövründə Türkiyədə təhsil, dövlət-din münasibətləri və ictimai həyat sahəsində mühüm dəyişikliklər baş verib. Bu dəyişikliklər Türkiyənin daxili seçimidir və hər bir suveren dövlətin öz inkişaf modelini müəyyənləşdirmək hüququ var. Bununla yanaşı, qardaş ölkədə gedən prosesləri təhlil etmək və onlardan nəticə çıxarmaq da təbiidir”.
Bunu Redaktor.az-a açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva bildirdi.
Müsahibimiz əlavə etdi ki, ən nəzərəçarpan dəyişikliklər təhsil sahəsində baş verib:
“2002-ci ildə imam-xətib liseylərində 64 min 534 şagird təhsil alırdısa, 2012-ci ildə qəbul edilən “4+4+4” sistemindən sonra bu rəqəm kəskin artıb. 2021–2022-ci tədris ilində imam-xətib orta məktəblərində 710 min 264, liseylərində isə 617 min 278 şagird oxuyurdu. Yəni dini təhsilə maraq dövlət dəstəyi ilə xeyli genişlənib”.
Sona Əliyeva dövlət-din münasibətlərində də dəyişikliklərin baş verdiyini vurğuladı:
“Dövlət-din münasibətlərində Diyanət İşləri Başkanlığının rolu artıb. Qurumun 2026-cı il büdcəsi 174,3 milyard lirədir və bu məsələ Türkiyə cəmiyyətində də müzakirə olunur. İctimai həyatda isə 2013-cü ildən başlayaraq dövlət qurumlarında və məktəblərdə, daha sonra polis və orduda baş örtüyü ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb”.
Onun sözlərinə görə, bu dəyişikliklərə Türkiyədə fərqli yanaşmalar mövcuddur:
“AKP tərəfdarları xatırladırlar ki, 1997-ci il 28 Fevral prosesindən sonra baş örtülü qızlar universitetlərə buraxılmırdı, minlərlə qadın dövlət qulluğundan uzaqlaşdırılmışdı. Onların fikrincə, həyata keçirilən islahatlar bu haqsızlığı aradan qaldırıb və dindar vətəndaşlar üçün bərabər imkanlar yaradıb. Bu arqumentin ciddi əsası var”.
Əməkdar müəllim qeyd etdi ki, Türkiyə cəmiyyətində bu məsələyə fərqli yanaşanlar da var:
“Digər tərəfdən, Türkiyədəki dünyəvi kəsim bu dəyişikliklərin Cümhuriyyətin əsas prinsiplərindən uzaqlaşma olduğunu düşünür. Lakin son illərdə imam-xətib məktəblərində şagirdlərin sayı azalmağa başlayıb”.
Sona Əliyevanın sözlərinə görə, bu tendensiyanın səbəblərindən biri valideynlərin övladlarının təhsili ilə bağlı seçimləridir:
“Valideynlər övladları üçün akademik baxımdan daha uğurlu məktəblərə üstünlük verirlər. Bu da göstərir ki, türk cəmiyyəti çoxşaxəlidir və dünyəvi ənənə hələ də güclü köklərə malikdir. Konstitusiyanın 2-ci maddəsində Türkiyə bu gün də dünyəvi dövlət kimi təsbit olunur”.
Müsahibimiz Azərbaycan və Türkiyənin inkişaf modellərinə də toxunaraq vurğuladı ki, hər bir ölkənin öz yolunu seçmək hüququ var:
“Görünən odur ki, hər ölkə öz yolunu özü seçir. Türkiyə öz tarixi təcrübəsinə uyğun model qurur. Azərbaycan da yüz il əvvəl, Xalq Cümhuriyyəti dövründən etibarən dünyəvi dövlət yolunu seçib. “Bir millət, iki dövlət” prinsipi qardaşlıq deməkdir. Bu qardaşlıq həm də bir-birinin seçiminə hörmət etməyi nəzərdə tutur”.
Əməkdar müəllim məktəblərdəki geyim qaydaları ilə bağlı Türkiyədən səsləndirilən fikirlərə də münasibət bildirdi:
“Ona görə də məktəblərimizdəki geyim qaydası ilə bağlı bəzi siyasətçilərin açıqlamalarını Türkiyənin rəsmi mövqeyi kimi deyil, ayrı-ayrı şəxslərin fikri kimi qiymətləndirmək daha doğrudur. Fikrimcə, Türkiyədə dünyəvilik və din arasında tarazlıq axtarışı davam edəcək. Bu, türk cəmiyyətinin öz daxili prosesidir. Azərbaycan-Türkiyə münasibətləri isə bu cür fikir ayrılıqlarından daha güclüdür. Deməli, qardaş ölkələr fərqli modellərə malik olsalar da, strateji müttəfiqlik və qarşılıqlı hörmət əsasında birlikdə irəliləməyə davam edəcəklər”.
Xədicə BAXIŞLI












