"Bu, hörmətsizliyin ən böyük formasıdır” - Ramin Nurəliyevdən sərt İTTİHAM

 18:21 20.10.2026     69

“Dövlət İmtahan Mərkəzində ya mütəxəssislərlə əlaqəli şöbənin fəaliyyəti zəifdir, ya da rəhbərlik tərəfindən bu istiqamətdə güclü əməkdaşlığın aparılması arzu olunmur. Mən belə düşünürəm. Niyə? DİM bildirir ki, filan tədbiri keçiririk, gəlsinlər, iştirak etsinlər. Əgər sən təhsil mütəxəssisinə, təhsil ekspertinə dəyər verdiyini bu şəkildə göstərirsənsə, o, tədbirə gəlməz. Ona hörmət göstərmək istəyirsənsə, şəxsən dəvət etməlisən”.

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.

O qeyd etdi ki, Elm və Təhsil Nazirliyi müxtəlif tədbirlərdə təhsil ekspertlərini şəxsən dəvət edir, onları yüksək səviyyədə qarşılayır və hörmət göstərir. Ekspertin sözlərinə görə, təəssüf ki, Dövlət İmtahan Mərkəzi bu cür təşəbbüs göstərmir:

“Məni DİM şəxsən dəvət etsə, təbii ki, gedərəm. Amma təhsil ekspertlərinə ümumi şəkildə müraciət edib tədbirə gəlmələrini istəməyi hörmətsizlik kimi qiymətləndirirəm. Bu, hörmətsizliyin ən böyük formasıdır. Layiqli şəxsləri dəvət etməli və onlarla müzakirələr aparmalısan. Düzdür, hazırda hər yerindən duran özünü təhsil eksperti adlandırır. Bu, ayrı məsələdir. Amma ölkədə öz işinin həqiqi mütəxəssisi olan beş-altı təhsil eksperti var.

Hamını bir zalda toplayıb müzakirə aparmaqla nəticə əldə etmək mümkün deyil. DİM-in strategiyası yanlışdır. Hər hansı mövzunu müzakirə etmək istəyirsənsə, bunu müvafiq mütəxəssislərlə etməlisən. Təhsil ekspertlərini dəvət edib onlarla ayrıca, valideynləri dəvət edib onlarla ayrıca, repetitor müəllimləri və məktəb direktorlarını da dəvət edərək hər qrupla ayrıca müzakirə aparmalısan. Əgər həqiqətən müzakirə aparmaq istəyirsənsə, proses bu şəkildə təşkil olunmalıdır.

Amma sən hamını bir zalda toplayıb özün çıxış edirsən. Mən özüm bu tədbirlərə qatılmamışam, çünki şəxsən dəvət edilməmişəm. Ancaq bir-iki həmkarım iştirak edib və sonradan getdiyinə peşman olub. Bir zalda toplaşıb özləri üçün danışırlar, heç kimin fikrini öyrənmirlər. Öz strategiyalarını təqdim edir və qərarlarını elan edirlər. Sonra da bildirirlər ki, bu məsələləri təhsil ictimaiyyəti ilə müzakirə ediblər. Halbuki bu, sağlam müzakirə deyil.

Məsələn, Elm və Təhsil Nazirliyinin bir neçə tədbirində iştirak etmişəm. Orada təhsil mütəxəssislərinin fikirlərini alıb, düşüncələrini dinləyiblər. Bunun şəxsən şahidi olmuşam. Təhsil tələbə krediti ilə bağlı görüşlərə dəvət olunmuşuq, fikirlərimizi bildirmişik və həmin fikirlər qeydə alınıb. Qərar verib-verməmək onların öz işidir. Ən azı, bizə hörmət göstərirlər, fikirlərimizi dinləyirlər. Yəni yalnız özləri danışmırlar. Təəssüf ki, Dövlət İmtahan Mərkəzində bu yanaşma arzuolunan səviyyədə deyil. Bu gün DİM-in dəvət etdiyi görüşlərə heç kim getmir”.

O vurğuladı ki, ekspertlərin əksəriyyəti belə görüşlərdə iştirak etmək istəmir. Bunun səbəbini isə onlara lazımi hörmətin göstərilməməsi ilə əlaqələndirdi:

“Niyə? Çünki bu, hörmətsizlikdir. Heç bir ekspert ona qarşı hörmətsiz münasibətlə barışmaz. Dövlət İmtahan Mərkəzi ölkəmizdə həqiqətən də obyektivliyi ilə seçilən qurumlardan biridir. DİM-in bu vəziyyətə gəlməsində Məleykə xanım Abbaszadənin böyük xidmətləri var. Bunlar danılmazdır. Hər birimiz Dövlət İmtahan Mərkəzini sevirik, çünki qurum obyektivliyi, dürüstlüyü və düzgün fəaliyyəti ilə hər zaman seçilib. Bu, birmənalıdır.

Biz DİM-i bu baxımdan tənqid edə bilmərik. Kimsə mənim yanımda Dövlət İmtahan Mərkəzinin hansısa işi qanunsuz gördüyünü iddia edəndə dərhal cavab verirəm ki, deyilənlər sadəcə şayiə və yalan məlumatdır. Çünki bu quruma böyük etimadımız var.

Amma bəzi fəaliyyətlərə baxanda görürsən ki, yalnız öz düşüncələrini və yanaşmalarını təbliğ etməyə çalışırlar. Halbuki təhsil mütəxəssisləri ilə mütəmadi müzakirələr aparılmalı, görüşlər keçirilməlidir. Bu görüşlər formal xarakter daşımamalıdır. Təəssüf ki, bu gün DİM-in təhsil ictimaiyyəti ilə keçirdiyi görüşlər, mənim fikrimcə, formal xarakter daşıyır. Həqiqi görüş belə təşkil olunmur, müzakirə də bu şəkildə aparılmır.

Müzakirə təşkil etmək istəyirlərsə, təhsil ekspertlərini dəvət etməli, onları öz mütəxəssisləri ilə bir araya gətirməli və qəbul strategiyası barədə fikir mübadiləsi aparmalıdırlar. Yalnız bu halda səmərəli müzakirədən danışmaq olar”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən