Məktəblərdə metodistlərin ləğvi ilə bağlı təşəbbüsə REAKSİYA
Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız müəllimlərin bilik və bacarıqlarından deyil, eyni zamanda onların peşəkar inkişafına göstərilən metodiki dəstəkdən də asılıdır. Bu baxımdan metodistlərin fəaliyyəti, müəllimlərin dərs prosesinin təkmilləşdirilməsi və müasir tədris üsullarının tətbiqində onlara göstərilən dəstək mühüm əhəmiyyət daşıyır.
Məktəblərdə metodistlərin fəaliyyətinin təhsilin keyfiyyətinə təsiri nədən ibarətdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, metodist hər hansı bir fənn və ya ixtisas üzrə yüksək bilik və təcrübəyə malik olan, müvafiq qurum, məsələn, nazirlik və ya başqa bir təşkilat tərəfindən həmin fənn üzrə metodist təyin edilən şəxsdir:
"Metodistin əsas vəzifəsi həmin fənni tədris edən müəllimlərə dəstək olmaqdır. Bunlar gənc kadrlar da ola bilər, uzun illər işləyən, artıq təcrübə qazanmış müəllimlər də. Burada yaş və iş təcrübəsi əsas meyar deyil. Metodist müəllimləri öz ixtisasları üzrə yeniliklərlə, müasir dərs izahı üsulları ilə tanış etməli, müasir texnologiyalardan və əyani vəsaitlərdən istifadə qaydalarını öyrətməlidir. Eyni zamanda, fənnin daha səmərəli tədris olunması üçün müvafiq metodları müəllimlərə çatdırmalıdır. Bu dəstək yalnız gənc müəllimlərə deyil, əmək fəaliyyəti göstərən bütün müəllimlərə şamil olunmalıdır".
Ekspert metodistin fəaliyyətini konkret nümunə ilə izah etdi:
"Məsələn, Lerikdə dərs deyən müəllim müəyyən yeniliklərdən xəbərsiz ola bilər. Bu, normal haldır. Belə vəziyyətdə metodist həmin müəllimə müasir texnoloji avadanlıqlardan, məsələn, kompüterdən istifadə qaydalarını öyrətməli, fənn üzrə baş verən dəyişikliklər və yeniliklərlə onu tanış etməlidir. Metodistin işi məhz bundan ibarətdir. O, tədris etdiyi fənnin inkişafına töhfə verən şəxsdir. Həmin fənn üzrə yüksək bilik və təcrübəyə malik olmalı, müəllimlərin peşəkar inkişafında aparıcı rol oynamalıdır".
Ramin Nurəliyev ölkəmizdə metodistlərin fəaliyyəti ilə bağlı vəziyyətin ürəkaçan olmadığını bildirdi:
"Mən Türkiyədə olmuşam və oradakı sistemlə tanışam. Türkiyədə hər fənn üzrə nazirliyin metodistləri fəaliyyət göstərir. Onların rayonlar üzrə nümayəndələri, məsələn, rayon təhsil idarələrində təmsilçiləri olur. Bizdə də əvvəllər buna bənzər sistem mövcud idi. Mərkəzdən rayonlara, rayonlardan isə məktəblərə lazımi məlumatlar ötürülürdü. Məsələn, bir məktəbdə beş Azərbaycan dili müəllimi varsa, onlardan biri məsul şəxs seçilir və rayon üzrə metodistlə əlaqə saxlayırdı. Rayon nümayəndəsi də mərkəzlə əlaqədə olurdu. Beləliklə, fənnin tədrisi ilə bağlı metodiki yeniliklər və tövsiyələr bütün müəllimlərə çatdırılırdı".
Ekspert Türkiyədə metodistlərin məktəblərdəki fəaliyyəti barədə də danışdı. Onun sözlərinə görə, həmin ölkədə metodistlər mütəmadi olaraq məktəblərə gedir, müəllimlərin dərslərini müşahidə edir və tədris prosesini qiymətləndirirlər:
"Türkiyədə metodistlər mütəmadi olaraq məktəblərə gedirlər. Rayon üzrə metodistin əvvəlcədən müəyyən edilmiş iş qrafiki olur və o, növbə ilə müxtəlif məktəblərdə fəaliyyət göstərir. Məktəblərə gəlir, fənn müəllimlərinin dərslərində iştirak edir, onların dərsi necə keçdiyini müşahidə edir və tədris prosesini qiymətləndirir. Bununla da müəllimlərin peşəkar inkişafına dəstək göstərir. Əslində, metodistin fəaliyyəti belə təşkil olunmalıdır. Metodist müəllimin öz ixtisası üzrə inkişafına kömək etməlidir. Məktəb direktoru və ya direktor müavini bütün fənləri dərindən bilməyə bilər. Müəyyən fənn üzrə müəllimin təkmilləşməsinə dəstək verəcək şəxs məhz metodist olmalıdır".
Təhsil eksperti Azərbaycanda metodistlərin fəaliyyətinin qənaətbəxş olmadığını vurğuladı. O, metodistlərin ləğvi ilə bağlı təşəbbüsün də gündəmə gəldiyini qeyd etdi:
"Bizdə isə metodistlərin fəaliyyəti qənaətbəxş deyil. Bildiyimə görə, hətta metodistlərin ləğv olunması ilə bağlı təşəbbüs də gündəmə gəlmişdi. Onların fəaliyyətinin başqa istiqamətdə təşkil edilməsi məsələsi müzakirə olunurdu. Şəxsi fikrim isə budur ki, metodistlər mütləq lazımdır".

R.Nurəliyev metodistlərin gündəlik fəaliyyətinin necə təşkil olunmalı olduğunu da açıqladı:
"Onun işi müəllimlərin inkişafını təmin etməkdir. Əgər sən müəyyən bir rayon üzrə metodistsənsə, orada sadəcə kabinetdə oturmaq üçün bu vəzifəyə təyin edilməmisən. Məsələn, Azərbaycan dili fənni üzrə metodistsənsə və rayonda yüz məktəb varsa, həmin məktəblərin hər birində tədrisin vəziyyəti ilə maraqlanmalı, müəllimləri dinləməli, dərsləri müşahidə etməli və onların ehtiyaclarını müəyyənləşdirməlisən. Metodistin fəaliyyəti məhz belə olmalıdır. Düşünürəm ki, bizdə tədris metodikası arzulanan səviyyədə təşkil edilməyib. Metodistlərin fəaliyyəti ciddi şəkildə təkmilləşdirilməlidir. Bu iş düzgün qurularsa, müvafiq fənlərin tədrisinə və həmin fənləri tədris edən müəllimlərin peşəkar inkişafına çox müsbət təsir göstərə bilər".
O, metodiki dəstəyin xüsusilə gənc müəllimlər üçün əhəmiyyətini vurğuladı. Ekspert bildirdi ki, müəllimin peşəkar inkişafı və şagirdlərə lazımi bilikləri ötürməsi metodistin fəaliyyətindən də asılıdır:
"Təsəvvür edin, gənc müəllim ilk dəfə məktəbə gəlib dərs deməyə başlayır. O, hansısa rayonda işləyir və həmin fənn üzrə məktəbdə cəmi iki müəllim var. Digər müəllim də kifayət qədər təcrübəli deyil. Bəs bu gənc müəllimə fənni daha səmərəli tədris etməyin yollarını kim öyrətməlidir? Öz ixtisasını və tədris metodlarını inkişaf etdirmək üçün ona kim dəstək olmalıdır? Əlbəttə, metodist. Əgər metodistin fəaliyyəti qənaətbəxş deyilsə, həmin müəllimin peşəkar inkişafı sual altında qalacaq. Bununla yanaşı, müəllimin şagirdlərə lazımi bilik və bacarıqları ötürməsi, onların inkişafına töhfə verməsi də müəyyən suallar doğuracaq. Buna görə də metodistlərin fəaliyyətinin düzgün təşkili və təkmilləşdirilməsi təhsilin keyfiyyəti baxımından son dərəcə vacibdir".
NURİYYƏ












