Metodistin olmadığı məktəblərə bu mütəxəssislər cəlb edilməlidir - AÇIQLAMA

 15:33 21.10.2026     54

“Məktəblərdə hər fənn və sahə üzrə metodistlərin olması müəllimin işini müəyyən qədər asanlaşdırır. Müəllim artıq hər hansı mövzunu, dərsin keçirilmə prinsipini və ya həmin mövzu ilə bağlı çatışmayan, araşdırılmasına ehtiyac duyulan məqamları müəyyənləşdirmək üçün vaxt itirmir”.

Bu fikirləri Redaktor.az-a məktəblərdə metodistlərin fəaliyyəti haqqında danışan təhsil eksperti Elçin Murad səsləndirdi.

Ekspert vurğuladı ki, metodistlərin dəstəyi müəllimlərə dərs vaxtından daha səmərəli istifadə etməyə imkan verir:

“Metodist müəllim üçün lazımi materialları hazırlayıb təqdim edir və bu baxımdan onun işini yüngülləşdirir. Demək olar ki, bütün tədris müəssisələrində, o cümlədən kurslarda, özəl məktəblərdə və liseylərdə metodistlərin fəaliyyəti dərslərin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Metodistlərin orta məktəblərdəki fəaliyyəti, dərs proqramlarına nəzarəti proqramda Dövlət İmtahan Mərkəzinin imtahan sualları baxımından hansı məqamların əhatə olunduğunu, hansı məsələlərin isə çatışmadığını müəyyənləşdirməyə imkan verir”.

Elçin Murad metodistlərin tədris proqramındakı çatışmazlıqların aradan qaldırılmasına da kömək etdiyini qeyd etdi:

“Təhsil eksperti nəzərə çatdırdı ki, metodist bu mövzularla bağlı əlavə izahlar verir, çatışmazlıqların aradan qaldırılmasına kömək edir, proqramda artıq olan məqamları müəyyənləşdirir.

Onun əsas vəzifələrindən biri də məhz bu istiqamətdə iş aparmaqdır. Bu fəaliyyət həm müəllimin işini yüngülləşdirir, həm də tədrisin daha keyfiyyətli təşkilinə şərait yaradır. Ona görə də düşünürəm ki, metodistin olmadığı məktəblərə bu mütəxəssislərin cəlb edilməsi vacibdir. Hətta məktəbdə bir deyil, iki və ya daha çox metodistin olması, onların birgə işləməsi və fikir mübadiləsi aparması təhsilin keyfiyyəti baxımından daha faydalı olar. Metodistlərə ehtiyac var və onların təhsil müəssisələrində davamlı fəaliyyət göstərməsi vacibdir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən