Müəllimlər diqqətli olsun: Metodistin səlahiyyətləri nələrdir?
“Müasir dövrdə təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız yeni təhsil proqramlarının hazırlanması, dərsliklərin yenilənməsi və müəllimlərin biliklərinin qiymətləndirilməsi ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, müəllimin gündəlik pedaqoji fəaliyyətinə dəstək göstərilməsini, tədrisin təşkilinin təkmilləşdirilməsini və şagirdlərin öyrənmə nəticələrinin davamlı şəkildə izlənilməsini tələb edir. Bu baxımdan, ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili və metodistlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır”.
Bunu Redaktor.az-a açıqlamasında Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində üç kitabın müəllifi və təlimçi, “Azərbaycan Təhsili” maarifləndirici sosial platformasının rəhbəri, təhsil eksperti Aqşin Kazımov bildirdi.
O vurğuladı ki, metodistin fəaliyyətinin əsas məqsədi müəllimin fəaliyyətinə formal nəzarət etmək deyil, onun peşəkar inkişafına kömək göstərmək, tədris prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dəstək vermək və müasir pedaqoji yanaşmaların tətbiqini təşviq etməkdir.
“Tədrisin keyfiyyəti ilk növbədə sinifdə, müəllimlə şagird arasındakı qarşılıqlı münasibətdə, dərsin planlaşdırılmasında, təlim metodlarının düzgün seçilməsində və şagirdlərin əldə etdiyi nəticələrdə özünü göstərir. Buna görə də metodistin fəaliyyəti bilavasitə tədris prosesinin təkmilləşdirilməsinə istiqamətlənməlidir.
Metodist müəllimin dərsini müşahidə etməli, onun güclü tərəflərini müəyyənləşdirməli, inkişaf etdirilməli olan istiqamətləri təhlil etməli və praktik tövsiyələr verməlidir. Lakin bu fəaliyyət yalnız dərsin dinlənilməsi və müvafiq qeydlərin aparılması ilə yekunlaşmamalıdır. Əgər dərs müşahidə olunursa, onun nəticələri təhlil edilməli; problem müəyyənləşdirilirsə, həlli yolları göstərilməli; tövsiyə verilirsə, həmin tövsiyənin tətbiqi və nəticəsi sonradan izlənilməlidir. Məhz bu ardıcıllıq metodik fəaliyyəti formal tədbirdən real inkişaf mexanizminə çevirə bilər”.
Ekspertin sözlərinə görə, məktəbdə dərsdinləmə tədrisin keyfiyyətini öyrənmək və müəllimin fəaliyyətini təhlil etmək baxımından əhəmiyyətli vasitədir.
“Lakin dərsdinləmənin səmərəsi onun hansı məqsədlə aparılmasından və nəticələrinin necə istifadə edilməsindən asılıdır. Dərs müşahidəsinin əsas məqsədi yalnız nöqsanları müəyyənləşdirmək olarsa, bu proses müəllim üçün əlavə gərginlik yarada bilər. Müəllim dərsini inkişaf etdirmək əvəzinə, müşahidə zamanı mümkün iradlardan yayınmağa çalışa bilər. Belə vəziyyətdə dərsdinləmə özünün əsas pedaqoji məqsədindən uzaqlaşır. Əksinə, metodist müşahidə zamanı müəllimin fəaliyyətini obyektiv təhlil edir, konkret nümunələr əsasında rəy bildirir və inkişaf yollarını göstərirsə, dərsdinləmə peşəkar öyrənmə vasitəsinə çevrilir.
Məsələn, metodist dərsdə şagirdlərin fəallığının aşağı olduğunu müəyyənləşdiribsə, sadəcə bu barədə irad bildirməklə kifayətlənməməlidir. O, müəllimlə birlikdə səbəbləri araşdırmalı, şagirdlərin dərsə cəlb olunması üçün alternativ üsullar təklif etməli, müvafiq tapşırıq nümunələri təqdim etməli və sonrakı dərslərdə dəyişikliklərin nəticəsini izləməlidir. Belə yanaşma müəllimin peşəkar müstəqilliyinə hörmət etməklə yanaşı, onun inkişafına da xidmət edir”.
Həmsöhbətimiz diqqətə çatdırdı ki, metodistlərin fəaliyyətindən danışarkən onların funksiyalarını məktəb rəhbərliyinin səlahiyyətləri ilə qarışdırmamaq vacibdir.
“Metodik təhlil, pedaqoji tövsiyələrin verilməsi, müəllimlərin inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və müasir təlim üsullarının tətbiqinə dəstək göstərilməsi metodik xidmətin əsas istiqamətləri sırasındadır. Bununla belə, konkret metodistin hansı qərarları qəbul edə bilməsi onun vəzifə təlimatı və müvafiq normativ sənədlərlə müəyyən olunur. Dərsin keyfiyyətini təhlil etmək səlahiyyəti müəllimin fəaliyyəti ilə bağlı bütün inzibati qərarları qəbul etmək hüququ demək deyil. Metodist müşahidələrinin nəticələrini əsaslandırılmış şəkildə təqdim etməli, öz səlahiyyətləri çərçivəsində tövsiyələr verməli, müvafiq inzibati qərarlar isə səlahiyyətli şəxslər tərəfindən qəbul edilməlidir. Digər tərəfdən, metodistin rəyi subyektiv mülahizələrə deyil, əvvəlcədən müəyyən edilmiş meyarlara və müşahidə edilə bilən faktlara əsaslanmalıdır.
Məsələn, müəllimin dərsində hansı metoddan istifadə etməsi, şagirdlərin təlim prosesində iştirak səviyyəsi, tapşırıqların dərsin məqsədinə uyğunluğu və qiymətləndirmənin təşkili konkret müşahidələr əsasında təhlil oluna bilər. Şəffaf meyarlar həm müəllimin hüquqlarının qorunmasına, həm də metodik xidmətə etimadın artmasına kömək edir”.
Aqşin Kazımov qeyd etdi ki, bu gün təhsildə əsas məsələlərdən biri şagirdlərin yalnız məlumatı yadda saxlaması deyil, həmin məlumatı anlamaq, tətbiq etmək, təhlil aparmaq və müstəqil qərar vermək bacarıqlarına yiyələnməsidir.
“Bu məqsədlə müəllimlərin fəal təlim üsullarından, diferensiallaşdırılmış tapşırıqlardan, formativ qiymətləndirmədən, rəqəmsal resurslardan və şagirdyönümlü yanaşmalardan məqsədəuyğun istifadə etməsi vacibdir. Lakin müasir təlim metodlarının adını bilmək onların dərsdə səmərəli tətbiqi demək deyil. Müəllim həmin metodun hansı məqsədə xidmət etdiyini, hansı şəraitdə tətbiq edilməsinin məqsədəuyğun olduğunu və şagirdlərin öyrənməsinə necə təsir göstərdiyini anlamalıdır.
Metodist bu mərhələdə müəllimə praktik dəstək verməlidir. Nümunəvi dərslərin təşkili, birgə dərs planlaşdırılması, fənn üzrə tapşırıq banklarının hazırlanması, qarşılıqlı təcrübə mübadiləsi və metodiki seminarlar bu məqsədə xidmət edə bilər. Ən əsası, metodist müəllimdən tələb etdiyi pedaqoji yenilikləri özü də dərindən bilməli və onların tətbiqini əsaslandırmağı bacarmalıdır.
Metodistlərin fəaliyyətinin effektivliyini müəyyənləşdirərkən yalnız dinlənilmiş dərslərin, keçirilmiş görüşlərin və hazırlanmış hesabatların sayına əsaslanmaq kifayət deyil. Bu göstəricilər görülmüş işin həcmini nümayiş etdirə bilər, lakin həmin işin təhsilin keyfiyyətinə təsirini tam əks etdirmir.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, şagirdlərin nailiyyətlərinə çoxsaylı amillər təsir göstərir. Buna görə də bütün nəticələri yalnız metodistin fəaliyyəti ilə əlaqələndirmək düzgün olmaz. Metodistin töhfəsi müxtəlif göstəricilər və müşahidələr əsasında qiymətləndirilməlidir. Azərbaycan Respublikası Təhsil İnstitutunun 2024-cü ildə ümumi təhsil müəssisələrində metodistlərin fəaliyyətinin monitorinqini aparması da bu sahədə effektivliyin ölçülməsinə, güclü və zəif tərəflərin müəyyənləşdirilməsinə əhəmiyyət verildiyini göstərir”.

O diqqətə çatdırdı ki, metodik xidmətin nəticələri yalnız metodistin fərdi bacarıqlarından asılı deyil.
“Onun fəaliyyət göstərdiyi təşkilati mühit, iş yükü, müəllimlərlə əməkdaşlıq imkanları, metodik resurslara çıxışı və səlahiyyətlərinin aydınlığı da mühüm əhəmiyyət daşıyır. Metodistin fəaliyyəti əsasən hesabatların hazırlanmasına, formal görüşlərə və sənədləşməyə yönəlirsə, müəllimlərlə praktik işə ayrılan vaxt azala bilər. Eyni zamanda, metodistə konkret məsuliyyətlər verilmədən ondan yüksək nəticələr gözlənilməsi də fəaliyyətin səmərəsini məhdudlaşdıra bilər. Bu səbəbdən metodik xidmətin təşkili zamanı üç mühüm prinsip nəzərə alınmalıdır: aydın səlahiyyətlər, praktik dəstək və nəticəyönümlü qiymətləndirmə”.
Direktor müavininin fikrincə, metodistin müəllimlərlə etibarlı əməkdaşlıq qurması, onların peşəkar ehtiyaclarını anlaması və real problemlərin həllinə kömək göstərməsi üçün müvafiq şərait yaradılmalıdır.
“Bununla yanaşı, metodistlərin öz peşəkar inkişafı da diqqətdən kənarda qalmamalıdır. Müasir təhsil tələbləri dəyişdikcə metodik xidmət göstərən mütəxəssislərin bilik və bacarıqları da yenilənməlidir. Eyni zamanda, məktəblərdə metodist institutunun yaradılması və inkişaf etdirilməsi tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm imkanlar yaradır. Lakin bu imkanların reallaşması metodik xidmətin formal fəaliyyətə çevrilməməsindən, müəllimlərlə əməkdaşlığın düzgün qurulmasından və nəticələrin obyektiv qiymətləndirilməsindən asılıdır.
Metodist yalnız dərsi dinləyən, qeydlər aparan və hesabat hazırlayan şəxs olmamalıdır. O, müəllimin peşəkar inkişafına kömək edən, tədris prosesindəki çətinliklərin aradan qaldırılmasına töhfə verən və müasir pedaqoji yanaşmaların tətbiqini dəstəkləyən mütəxəssis kimi çıxış etməlidir. Eyni zamanda, metodistin fəaliyyətinə verilən qiymət şəxsi münasibətlərə, ümumi təəssüratlara və formal göstəricilərə deyil, konkret faktlara və müşahidə edilən nəticələrə əsaslanmalıdır”.
Aytəkin TOFİQQIZI












