Metodistlər müəllimlərin peşəkar inkişafında hansı rolu oynayır? - AÇIQLAMA
"Məktəblərdə metodistlərin fəaliyyəti tədris prosesinin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki təhsil sahəsində tətbiq olunan yeniliklərin, müasir təlim metodlarının və yeni yanaşmaların müəllimlərə çatdırılmasında metodistlərin üzərinə mühüm vəzifələr düşür. Müəllimlər bəzən təhsil sistemində baş verən bütün yenilikləri və dəyişiklikləri vaxtında izləməkdə çətinlik çəkə bilərlər. Bu baxımdan metodistlər həmin yeniliklərin müəllimlərə izah olunmasında, onların praktik fəaliyyətə tətbiqində və tədris prosesinin daha səmərəli qurulmasında mühüm rol oynayırlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov bildirdi.
Onun sözlərinə görə, metodistlər müəllimlərə yeni tədris proqramları, müasir pedaqoji yanaşmalar və işlək metodikalar haqqında məlumat verməli, onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına dəstək olurlar:

"Bu fəaliyyət yalnız yeniliklərin məktəblərə ötürülməsi ilə məhdudlaşmamalı, həm də müəllimlərin peşəkar inkişafına, təcrübə mübadiləsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Bu baxımdan hesab edirəm ki, metodistlərin məktəblərdə fəaliyyəti vacib məsələlərdən biridir. Onların işi nə qədər səmərəli təşkil olunarsa, təhsil sahəsində tətbiq edilən yeniliklərin müəllimlər tərəfindən mənimsənilməsi və tədris prosesində düzgün tətbiqi də bir o qədər effektiv olar".
Xədicə BAXIŞLI












