Nazir qızların təhsili ilə bağlı çağırış ETDİ

 09:13 23.10.2026     149

Qızların təhsilinə dəstək yalnız maliyyələşdirmə və təqaüd proqramları ilə məhdudlaşmamalı, onların liderlik xüsusiyyətlərinin və bacarıqlarının inkişafına da xüsusi diqqət yetirilməlidir.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyinə və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, uğur qazanmaq üçün yalnız bilik kifayət etmir. Qarşıya çıxan problemləri müəyyənləşdirmək, onların həlli istiqamətində addımlar atmaq və liderlik bacarıqlarına yiyələnmək də mühüm əhəmiyyət daşıyır.

Emin Əmrullayevin sözlərinə görə, beş il əvvəl az sayda iştirakçı ilə fəaliyyətə başlayan “Qızların təhsilinə dəstək” layihəsi artıq yüzlərlə qızı əhatə edəcək səviyyəyə çatıb. Layihənin əsas məqsədi müxtəlif səbəblərdən təhsilini davam etdirməkdə çətinlik çəkən qızlara dəstək göstərməkdir.

Nazir qızların təhsilinə qoyulan sərmayənin əhəmiyyətinə də diqqət çəkib:

“Qızların təhsilinə yatırılan vəsait yalnız bir insanın həyatına deyil, gələcək nəsillərin inkişafına da təsir göstərir. Təhsilli qadınlar övladlarının daha savadlı və müstəqil şəxsiyyət kimi yetişməsində mühüm rol oynayırlar”.

E.Əmrullayev layihə iştirakçılarının gələcəkdə öz uğurları ilə yanaşı, digər qızların inkişafına da töhfə verəcəklərinə inandığını bildirib.

“İnanıram ki, hər biriniz gələcək karyeranızda və peşə fəaliyyətinizdə uğur qazanacaq, sizdən sonra gələn nəsildəki qızlara da oxşar dəstəyin göstərilməsində iştirak edəcəksiniz”, – deyə nazir vurğulayıb.

Çıxışında qızların təhsilinə dəstək sahəsində əməkdaşlığın vacibliyinə də toxunan nazir dövlət qurumları, təhsil müəssisələri, ailələr və özəl sektor arasında birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.

Emin Əmrullayev özəl sektorun bu cür təşəbbüslərdə iştirakını vacib hesab etdiyini bildirərək layihənin maliyyələşdirilməsinə töhfə verən özəl sektor nümayəndələrinə təşəkkür edib.

“Bütün qurumları qızların təhsilini prioritet istiqamət kimi saxlamağa çağırıram. Qızların və qadınların inkişafı bütövlükdə ölkəmizin və cəmiyyətimizin inkişafına xidmət edir”, – deyə nazir əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən