“Bu layihə iştirakçıların həyatında mühüm dönüş nöqtəsinə çevriləcək” - Nicat Məmmədli

 09:17 23.10.2026     61

İnsanların fərqli sosial şəraitdə böyüməsi onların qarşıya qoyduqları məqsədlərə çatmasına təsir göstərə bilər. Təhsildə bərabər imkanların yaradılması isə qızların öz potensiallarını reallaşdırmasına və gələcəkdə uğur qazanmalarına dəstək verir.

Redaktor.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Nicat Məmmədli “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyinə və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində bildirib.

N.Məmmədli insanların doğulduqları ailəni və böyüdükləri sosial mühiti seçmədiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu fərqlər bəzən insanların məqsədlərinə çatmasını çətinləşdirir.

“Təhsilin ən mühüm prinsiplərindən biri isə bərabərlikdir. “Qızların təhsilinə dəstək” layihəsi vasitəsilə bu fərqlərin təsirini müəyyən qədər azaltmağa, qızlarımızın öz potensiallarını reallaşdırmasına və gələcəkdə uğur qazanmalarına dəstək olmağa çalışırıq”, – deyə fondun rəhbəri vurğulayıb.

Layihənin inkişafından danışan Nicat Məmmədli bildirib ki, bu il təşəbbüsə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı da qoşulub. Onun fikrincə, yeni tərəfdaşın iştirakı layihənin davamlılığının təmin edilməsinə əlavə təkan verəcək.

Fondun təhsil sahəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini qeyd edən N.Məmmədli “Qızların təhsilinə dəstək” təşəbbüsünün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, layihə yalnız qızların təhsilinə yardım göstərməklə məhdudlaşmır, həm də Azərbaycanın maarifçilik ənənələrinin yaşadılmasına xidmət edir.

“Bu layihənin bizim üçün önəmi həm də tarixi varislik funksiyası daşımasıdır. O, keçmişimizlə bu günümüz arasında əlaqə yaradır, eyni zamanda gələcəyə körpü qurur. Layihə vasitəsilə Hənifə Məlikova-Zərdabi kimi maarifçilərimizin gördükləri işləri xatırlayır və onların başladığı yolu davam etdirməyə çalışırıq”, – deyə o qeyd edib.

N.Məmmədli qızların təhsilinə qoyulan sərmayənin uzunmüddətli nəticələrinə də diqqət çəkib. O bildirib ki, təhsilli qadınlar gələcək nəsillərin yetişməsində mühüm rol oynayırlar.

“Qızların təhsilinə qoyulan hər bir sərmayə gələcək nəsillərin daha savadlı və hazırlıqlı yetişməsinə xidmət edir. Təhsilli qadınların övladlarının inkişafında mühüm rolu var. Bu baxımdan layihə çərçivəsində göstərilən dəstəyin yalnız iştirakçıların deyil, bütövlükdə cəmiyyətimizin gələcəyinə töhfə verəcəyinə inanırıq”, – deyə fondun rəhbəri bildirib.

O, layihənin həyata keçirilməsində Təhsilin İnkişafı Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və özəl sektor nümayəndələrinin əməkdaşlığını yüksək qiymətləndirib. N.Məmmədli dövlət–özəl tərəfdaşlığının bu kimi təşəbbüslərin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Fondun rəhbəri layihənin iştirakçılarının gələcəkdə əldə etdikləri uğurları digər qızların təhsilinə dəstək göstərməklə davam etdirəcəklərinə ümid etdiyini də bildirib.

“İnanırıq ki, bu layihə iştirakçıların həyatında mühüm dönüş nöqtəsinə çevriləcək. Onlar gələcəkdə peşəkar fəaliyyətlərində uğur qazandıqda, rəhbər vəzifələrdə çalışdıqda və ya sahibkar olduqda vaxtilə aldıqları dəstəyi xatırlayaraq özlərindən sonra gələn nəslin təhsilinə və inkişafına töhfə verəcəklər”, – deyə Nicat Məmmədli əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən