Sıxlıq olan məktəblərdə müəllim dərs demir, sinfi idarə etməyə çalışır - Əməkdar müəllimdən TƏKLİF
"Hazırda paytaxt və Abşeron məktəblərində şagird sıxlığı təhsilin ən ağır problemlərindən birinə çevrilib. Milli Məclisin deputatı Fazil Mustafanın parlamentin iclasında gətirdiyi nümunə bunu açıq göstərir. 855 şagird üçün nəzərdə tutulmuş məktəbdə 2551 uşaq oxuyursa, deməli, bina öz gücünün üç qatı ilə işləyir. Belə məktəbdə keyfiyyətli təhsildən danışmaq çətindir".
Bunu Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva qeyd etdi.
Müsahibimiz bildirdi ki, sıxlıq dərsi mənimsəməyə bir neçə səbəbdən ciddi mənfi təsir göstərir:
"Birincisi, müəllimin vaxtı çatmır. 45 dəqiqəlik dərsdə 40 şagird varsa, hər uşağa bir dəqiqə belə düşmür. Fəal şagird görünür, utancaq uşaq isə kölgədə qalır. İkincisi, dərsin böyük hissəsi intizamı saxlamağa gedir. Müəllim dərs demir, sinfi idarə etməyə çalışır. Üçüncüsü, müasir kurikulum qrup işi, müzakirə tələb edir. Belə şəraitdə müasir tədris üsullarını tətbiq etmək çətinləşir. Nəticədə məktəbin verə bilmədiyini valideyn repetitorda axtarır, ailə büdcəsi də “qan itirir”".
Onun sözlərinə görə, bu, həm də təhlükəsizlik məsələsidir:
"Dəhlizlər sıxdır, idman zalı hamıya çatmır, dərslər növbələrlə keçir. Ona görə ki, bina bu qədər uşağa hesablanmayıb. Halbuki qayda aydındır. Dövlət standartına görə, sinifdə şagird sayı 30-u keçdikdə və ya otağın ölçüsü imkan vermədikdə paralel sinif açılmalıdır. Deməli, problem qaydada yox, onun icrasındadır".
S.Əliyevanın fikrincə, əvvəlcə sıxlıq olan məktəblərin dəqiq xəritəsi hazırlanmalıdır:
"Təcili həll modul tipli korpuslardır. Bu, yeni məktəb tikməkdən sürətli və ucuzdur. Əsas həll isə şəhərsalmadadır. Abşeronda yeni binalar göbələk kimi bitir, məktəb isə yoxdur. Tikinti şirkəti yaşayış kompleksi qurursa, məktəb yeri də layihədə olmalıdır. İstənilən halda, deputatın məsələni parlament tribunasından qaldırması müsbət addımdır. Belə olan təqdirdə, konkret plan və vaxt cədvəli olarsa, sıxlıq problemi 2-3 il ərzində xeyli azala bilər. Plan olmasa, problem hər il böyüyəcək. Deməli, keyfiyyətli təhsil yaxşı dərslikdən əvvəl uşağın rahat oturduğu partadan başlayır".
Xədicə BAXIŞLI












