"İranlı nazir azərbaycanlılara can yandırırsa..." - Tehrana TÖVSİYƏ
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf bir videomüraciətində Azərbaycanda hicab səbəbindən təhsil almaqda çətinlik çəkdiklərini iddia etdiyi qızları İran universitetlərinə dəvət edib.
Daha sonra isə Azərbaycan QHT-ləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayaraq ölkədə yaşayan azərbaycanlıların ana dilində təhsil hüququnun təmin olunmasını istəyiblər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, ilk dəfə deyil ki, İran tərəfi işlərimizə bu cür kobud müdaxilələr edir və münasibətlərimizə xələl gətirilməsinə yönəlmiş addımlar atır.
"Biz İranla uzun müddət münasibətlərimizdə bir gərginlik yaşamışıq. İran rəsmiləri bu keçmiş gərginliyi unutmamalıdırlar. Bu cür bəyanatlar bizim münasibətlərimizə yalnız xələl gətirir.
Yəni iranlı nazir əgər belə azərbaycanlıları çox istəyirsə, belə azərbaycanlılara can yandırırsa, onda getsin, orada yaşayan azərbaycanlıların təhsil hüququnu təmin etsin. Yəni əgər belə bir fikirləri, belə bir niyyətləri varsa, azərbaycanlılara dəstək olmaq istəyirlərsə, azərbaycanlılara can yandırmaq istəyirlərsə, onda getsinlər bu məsələləri nəzərə alsınlar və bu dediyimiz məqamları həyata keçirsinlər. Yəni azərbaycanlıların hüquqlarını qorumaq və onlara can yandırmaq istəyənlərə bizim tövsiyəmiz odur ki, onlar getsinlər bu dediyimiz yöndə real addımlar atsınlar və Azərbaycanın daxili işinə qarışmasınlar".

Millət vəkili diqqətə çatıdırdı ki, qeyri-hökumət təşkilatlarının bu cür açıqlamalarını, bu cür bəyanatlarını önəmli hesab edir:
"Hesab edirəm ki, bu cür açıqlamalar çox önəmlidir. Bu cür açıqlamalar çox vacibdir, çünki bu məsələyə mütləq şəkildə reaksiya verilməsinə, mütləq şəkildə belə bəyanatların verilməsinə ehtiyac var. Yəni qarşı tərəf bilsin ki, söhbət nədən gedir və hansı məsələləri onlar nəzərə almalıdırlar".
Aytəkin TOFİQQIZI












