“Azərbaycan dilində təhsil İranın ərazi bütövlüyünə zərər vurmaz” - Alimdən Tehrana mesaj
"Azərbaycan QHT-lərinin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana Azərbaycan dilində təhsillə bağlı açıq məktub göndərməsi tamamilə normal haldır, təbii tələbdir. Hazırkı tarixi dönəmdə də aktual məsələlərdən birinə toxunulmuşdur. Məsələ ondan ibarətdir ki, hər bir xalqın ana dilində təhsil almaq hüququ var. Bu da sənədlərdə hüquqi təsbit olunub, qeyd olunub".
Bunu Redaktor.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov bildirdi.
Alim vurğuladı ki, hər bir insanın təhsil almaq hüququ var.
"Ana dilində təhsil almağın da İranda yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyəti var. Orada həm soydaşlarımızın sayı çoxdur, həm də Azərbaycan dilində təhsil almaq Şimali Azərbaycanla Cənubi Azərbaycan arasında olan müəyyən mənəvi maneələri aradan qaldırar. Bunun İran İslam Respublikasının ərazi bütövlüyünə hər hansı bir zərər verəcəyini düşünmürəm.
Ümumiyyətlə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, azərbaycanlılar dünyanın müxtəlif ölkələrində ləyaqətlə yaşayır, separatçılıqla məşğul olmurlar. Ona görə də İranda Azərbaycan dilində müxtəlif səviyyələrdə təhsilin institutlaşması hər şeydən öncə İran cəmiyyətinin daha dərindən bütövləşməsinə aparan yollardan biridir.
Əlbəttə, orada dövlət dilinin Azərbaycan dili olmaması nəzərə alınır, başa düşülür. Azərbaycanlılar bunu dərk edirlər. Amma məncə, bütün hallarda hər bir insanın öz ana dilində təhsil alması məsələsi ciddi məsələdir. İndi yenə də təkrar etmək istəyirəm, orada soydaşlarımızın sayı milyonlarladır və İran cəmiyyətinin inkişafında, İran dövlətçiliyinin inkişafında aktiv rol oynayırlar. Ona görə də bizim QHT-lərin İranın indiki Prezidenti Məsud Pezeşkiana ünvanladığı məktuba diqqət olunmalıdır və orada qaldırılan məsələlərə rəsmi Tehranın laqeyd baxmaması daha yaxşı olardı", - deyə Füzuli Qurbanov fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI












