40 milyon azərbaycanlının hüquqları təmin edilsin! - İrana ÇAĞIRIŞ

 15:32 27.10.2026     132

“Azərbaycan vətəndaş cəmiyyəti institutlarının və qeyri-hökumət təşkilatlarının İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana ünvanladığı açıq məktub beynəlxalq hüquq prinsipləri və fundamental insan hüquqları baxımından tarixi əhəmiyyət daşıyır. Məktubda İranda yaşayan təxminən 40 milyon azərbaycanlının ana dilində təhsil imkanlarının təmin olunması, məktəblərdə sistemli tədrisin təşkili, dərsliklərin hazırlanması və müvafiq ali və orta təhsil müəssisələrinin yaradılması tələbi hüquqi cəhətdən əsaslandırılıb”.

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi.

Onun sözlərinə görə, bu fundamental tələb İranın öz rəsmi dövlət sənədlərinə və beynəlxalq konvensiyalar üzrə götürdüyü öhdəliklərə əsaslanır:

“Lakin heç kimə sirr deyil ki, bu addımın praktikada reallaşdırılması qarşısında onilliklərdir davam edən ciddi siyasi-ideoloji və institusional maneələr mövcuddur. İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsində qeyd olunur ki, ölkənin rəsmi dili fars dili olsa da, yerli və etnik dillərdən mətbuatda və kütləvi informasiya vasitələrində istifadə edilməsinə, həmçinin məktəblərdə milli ədəbiyyatın tədrisinə icazə verilir. Bundan əlavə, İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları haqqında Konvensiyasına və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta qoşulmuş dövlət kimi dil azlıqlarının hüquqlarının qorunması ilə bağlı öhdəliklər daşıyır. Lakin mövcud vəziyyət bu hüquqi normaların praktikada həyata keçirilməsi ilə bağlı ciddi suallar yaradır”.

Müsahibimiz əlavə etdi ki, İranın idarəetmə qurumları Konstitusiyanın 15-ci maddəsinin tətbiqini müxtəlif inzibati maneələrlə məhdudlaşdırır və azərbaycandilli təhsil müəssisələrinin yaradılması məsələsi həllini tapmır:

“Bu istiqamətdə əsas siyasi və ideoloji maneələrdən biri rəsmi Tehranın uzun illərdir yürütdüyü siyasət və milli kimliyin qorunması ilə bağlı narahatlıqlardır. İranın daxili təhlükəsizlik və idarəetmə yanaşmasında çoxmilyonluq azərbaycanlı türk icmasının ana dilində təhsil alması, məktəblərin yaradılması və milli intellektual elitanın formalaşması təhlükə kimi qiymətləndirilir. Bu yanaşma ana dilində təhsil tələb edən fəalların, müəllimlərin və ziyalıların təzyiqlərlə üzləşməsi barədə iddialarla müşayiət olunur. İnstitusional baxımdan isə pedaqoji kadrların hazırlanması, Azərbaycan dilində kurikulumların və dərsliklərin dövlət səviyyəsində işlənməsi məsələləri də həllini gözləyir”.

İ.Orucov hesab edir ki, Azərbaycan QHT-lərinin rəsmi Tehrana təqdim etdiyi yol xəritəsi - hüquqi və institusional mexanizmlərin formalaşdırılması çağırışı - İran üçün bu sahədə irəliləyişə nail olmaq imkanı yaradır:

“Çünki onilliklərdir davam edən bu problemin aradan qaldırılması təkcə soydaşlarımızın deyil, bütövlükdə insan hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. İran dövləti digər ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz sərhədləri daxilində yaşayan milyonlarla azərbaycanlının ana dilindən istifadə və təhsil hüquqlarının təmin olunması üçün təcili və əməli addımlar atmalıdır”.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən