“İrandakı 40 milyon azərbaycanlının ana dilində təhsil alması hüquqi baxımdan labüddür”
"İranda Azərbaycan orta və ali təhsil məktəblərinin açılması mövcud siyasi və hüquqi sistem çərçivəsində yaxın gələcəkdə praktiki olaraq mümkün bir hal kimi görsənmir. Lakin nəzəri baxımdan müəyyən hüquqi imkanlar mövcuddur".
Bu sözləri Redaktor.az-a açıqlamasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Musayev bildirdi.
O vurğuladı ki, İran Konstitusiyasının 15-ci maddəsinə görə, ölkənin rəsmi dili və əlifbası farscadır, bütün rəsmi sənədlər və dərsliklər bu dildə olmalıdır:
"Lakin eyni maddədə regional və tayfa dillərinin mətbuatda, KİV-də istifadəsini, eləcə də məktəblərdə həmin dillərin ədəbiyyatının öyrədilməsini nəzəri olaraq icazəli hesab edir. Buna baxmayaraq, onilliklərdir ki, bu maddənin ana dilində təhsilə aid hissəsi praktiki olaraq həyata keçirilmir və ölkədə Azərbaycan dilində tam tədris aparılan heç bir məktəb yoxdur. Nəzərə alsaq ki, İran əhalisinin mütləq əksəriyyətini, təxminən 40 milyona yaxınını azərbaycanlılar təşkil edir, hüquqi və mənəvi baxımdan ölkədə ana dilində orta və ali təhsil ocaqlarının açılması və ana dilində dərslik vəsaitlərinin yazılması hüquqi cəhətdən labüddür".
Alim diqqətə çatdırdı ki, İrandakı bəzi dairələr Azərbaycan dilinin mövqeyinin ölkədə möhkəmlənməsini təhdid kimi görür:
"Belə ki, İranın bəzi rəsmiləri və siyasi dairələri qeyri-fars dillərdə məktəblərin açılmasının və ya təhsilin verilməsinin ölkədə milli-siyasi parçalanmaya və separatçılığa yol açacağından ehtiyat edirlər".
Aytəkin TOFİQQIZI












