“Öz vətəndaşlarına zülm edən nazirin bu çıxışı gülüş doğurur” - Deputatdan İrana XƏBƏRDARLIQ
"İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf özünün Azərbaycan qızlarına canıyananlığını göstərmək istəyir. Ancaq çox təəssüflər olsun, çünki İranda soydaşlarımızın vəziyyəti hər birimizə yaxşı məlumdur. Onlara yaradılan şərait, ana dilində danışmaq hüquqlarının olmaması, məktəblərinin olmaması, bir mədəniyyət mərkəzinin olmaması, digər məsələlər, Azərbaycana göstərilən təzyiqlər, təqiblər dünyaya yaxşı məlumdur".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev dedi.
"Bu gün iranlı nazir hicablı qızların İranda təhsil almalarına, universitetlərdə oxumalarına imkan yaradılmasını gündəmə gətirməklə özünü humanist, qayğıkeş kimi qələmə vermək fikrindədir. Ancaq bu fikirlərin kökündə məkr, Azərbaycana qarşı bir qərəz, nifrət toxumu var. Çünki İranda bu qızların hansı dildə təhsil alacaqları məlum deyil. Onlara necə şəraitin yaradılması müəmmalıdır", - deyə deputat bildirdi.
O vurğuladı ki, öz vətəndaşlarına zülm edən, qızları ətalətdə saxlayan bir nazirin belə çıxışı, düzü, gülüş doğurur:
"Əlbəttə ki, bu çıxış bilavasitə Azərbaycandakı müəyyən xürafatçıların dini əldə bayraq edib yanlış yola qədəm qoyanların dərmanına su tökməkdir, onları dövlətə qarşı qoymaqdır, qıcıqlandırmaqdır, qarşıdurma yaratmaqdır. Yaxşı olar ki, Hüseyn Simayi Sərraf öz ölkə vətəndaşlarının təhsilinin qeydinə qalsın, Azərbaycanın daxili işlərinə qarışmasın. Azərbaycan müstəqil dövlətdir, onun daxili işlərinə qarışmağa heç bir dövlətin haqqı yoxdur. Suveren, demokratik bir dövlət kimi Azərbaycan qanunlarla idarə olunur. Hər bir vətəndaş qanunlara, qaydalara əməl etməlidir. Ölkədə hicaba qadağa yoxdur, ancaq hər bir kəs məktəbə məktəbli formasında, vahid formada gəlməlidir, ayrı-seçkilik olmamalıdır, bərabərlik gözlənilməlidir. Hicab məktəbliyə utanc gətirməməli, onların dərslərinə mane olmamalıdır. Bu baxımdan da iranlı nazirin söylədikləri bir cəfəngiyyatdır və elə bilirəm ki, bu məsələlərdə İranın rəsmiləri dərindən düşünsələr və öz əməllərinə son qoysalar, yaxşı olar".
Aytəkin TOFİQQIZI












