"Qəbul və qiymətləndirmə sistemində Türkiyə modelinə keçilməlidir" - Məzahir Məmmədli

 17:22 27.10.2026     169

"Azərbaycanda ali məktəblərə qəbul Türkiyə modeli üzərində qurulub və qardaş ölkədə təhsil sahəsində yeni qiymətləndirmə modelinin tətbiqi ilə bağlı dəyişikliklər edildiyi bir vaxtda, oxşar addımların ölkəmizdə də atılmasına ehtiyac var".

Redaktor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Məzahir Məmmədli feysbuk hesabında yazıb.

O, repetitorluğun geniş yayılmasını, ailələrin böyük maddi vəsaitlər xərcləməsini və abituriyentlərlə valideynlərin illərlə gərgin stress altında yaşamasını ciddi müzakirə mövzusu kimi dəyərləndirib:

"Türkiyədə müzakirə olunan yeni qiymətləndirmə modelində açıq suallara, şagirdlərin bilik və bacarıqlarının daha dərindən yoxlanılmasına, qiymətləndirmə meyarlarına xüsusi diqqət yetirilir. Əlbəttə, məktəbdaxili imtahanlarla ali məktəblərə qəbul imtahanları eyni deyil. Ancaq bu təcrübə bizə də bir sual ünvanlayır: Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?"

Məzahir Məmmədli vurğulayıb ki, Azərbaycanda elə bir sistem qurulmalıdır ki, şagirdin əsas hazırlıq məkanı məktəb olsun, repetitordan asılılıq tədricən azalsın, ailələrin maddi yükü yüngülləşsin və qiymətləndirmə yalnız test həll etmək bacarığını deyil, düşünmək, təhlil etmək və biliyi tətbiq etmək qabiliyyətini ölçsün.

"Niyə bizim uşaqlarımız daha az stresslə, valideynlərimiz daha az maddi qayğı ilə, məktəblərimiz isə daha böyük məsuliyyət və nüfuzla təhsil prosesinin mərkəzində olmasın? Məncə, bu məsələ ciddi şəkildə müzakirə edilməlidir", - deyə ekspert qeyd edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən