"Təhsili zəif olan insanları yanlış istiqamətə yönəltmək daha asandır" - Firudin Qurbanov
Təhsil dialoqun qurulması, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və dünyada sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyada deyib. O bildirib ki, sessiyanın mövzusunun təhsil və rəqəmsal transformasiya ilə əlaqələndirilməsi təsadüfi deyil. Çünki dialoqun qurulmasında və ortaq məxrəcə gəlməkdə təhsil mühüm rol oynayır.
“Təhsilli insanlar dialoqa gəlmək, ortaq məxrəc tapmaq imkanına daha çox malikdirlər. Təhsili olmayan və ya zəif olan insanları isə yanlış və zərərli istiqamətlərə yönəltmək daha asan olur. Ünsiyyət və dialoq üçün müvafiq şərait yaradılmalıdır. Dünyada həqiqi sülhə nail olmaq üçün bu prosesə uşaqlardan başlamaq və təhsilin əhəmiyyətini nəzərə almaq vacibdir. Əgər biz bütün dünyada həqiqi sülhə nail olmaq istəyiriksə, buna uşaqlardan başlamalıyıq. Çünki təhsil son dərəcə vacibdir. Müasir dünyada baş verən münaqişələrə və müharibələrə nəzər saldıqda bunun əhəmiyyətini daha aydın görürük”, - deyə nazir müavini əlavə edib.












