"İranda Azərbaycan dilində məktəblərin olmaması sual doğurur" - Dosent
“İranda azərbaycanlıların sayı 40 milyona yaxındır və ölkədə Azərbaycan dilində məktəb yoxdur. Məsələni yalnız siyasi baxımdan təhlil etmək olmaz, burada mədəni əlaqələrdən söhbət gedir”.
Bunu Redaktor.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov bildirdi.
Onun sözlərinə görə, İranda yaşayan azərbaycanlıların öz dilində məktəblərinin olması İran-Azərbaycan əlaqələrində, xüsusilə mədəni münasibətlər baxımından mühüm məsələlərdən biridir:
“Çünki istənilən ölkədə həmin ölkədə yaşayan vətəndaşların dilində məktəblərin və müxtəlif mədəniyyət evlərinin olması mühüm əhəmiyyət daşıyır. Həmçinin İran bizə yaxın qonşu dövlətdir. İranda yaşayan azərbaycanlıların Azərbaycan dilində məktəblərinin olmaması isə sual doğurur. Bu baxımdan istər alimlər, istərsə də Elm və Təhsil Nazirliyi tərəfindən ünvanlanan müraciətlər həqiqəti əks etdirir.
Görünən odur ki, İran Prezidenti tərəqqiyə və inkişafa, əməkdaşlığa, mədəni əlaqələrə yer ayırmaq istəyən bir rəhbərdir. O, bu müraciətlərin nəzərə alınması istiqamətində konkret addımların müasir İranda atılması üçün müəyyən işlər görə bilər və görməlidir. Çünki indiki dünyada bütün bunlar olduqca vacib məsələlərdəndir. Bu məsələ yalnız İran-Azərbaycan əməkdaşlığı kontekstində deyil, həm də İran cəmiyyətinin makrostrukturunda yeni modernləşmənin və tərəqqinin göstəricisi kimi qiymətləndirilə bilər”.
Həmsöhbətimiz vurğuladı ki, ünvanlanan müraciətlər ikitərəfli əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə hədəflərin müəyyənləşdirilməsi və münasibətlərin aydınlaşdırılması baxımından həlledici rol oynaya bilər.
“Hazırda dövlətlər sosial strukturlarını cəmiyyətin müasir tələbləri səviyyəsində qurmağa cəhd edirlər və bu cəhdlər bütövlükdə cəmiyyətin xeyrinə olur. Burada ənənənin qorunması ilə yanaşı, modernləşmənin də aparılması vacib şərtlərdəndir. Dil məsələsi həm ənənəni, həm də modernləşməni əks etdirir”.
Hüseyn İbrahimov nəzərə çatdırdı ki, İranda Azərbaycan dilində məktəblərin açılması müasir İran cəmiyyətinin modernləşməsi və insanların sosial həmrəyliyinin təmin olunması baxımından çox vacib məsələlərdən biri ola bilər:
“Bu, İran-Azərbaycan, eləcə də digər türkdilli dövlətlərlə əlaqələr baxımından da mühüm rol oynaya bilər. Çünki mədəniyyətlər cəmiyyətləri bir-birinə yaxınlaşdırdığı kimi, dövlətlərarası münasibətlərə də müsbət təsir göstərir. Mədəniyyətlərin yaxınlaşması, dialoqu və kompromis axtarışı yolunda ən mühüm məsələlərdən biri məhz dil və mədəniyyət məsələsidir. İranda, Cənubi Azərbaycanda yaşayan 40 milyona yaxın azərbaycanlının öz dilində təhsil alması olduqca əhəmiyyətlidir. İran tərəfindən bu məsələ ilə bağlı müraciətlərə müsbət cavab verilməsini biz tədqiqatçılar da gözləyirik”.
Aytəkin TOFİQQIZI












