"Müəllimlərin rəqəmsal bacarıqlarına dair tələblər olacaq" - Elnur Əliyev

 12:58 28.10.2026     203

“Hazırlanması başa çatmaq üzrə olan yeni standartlarda müəllimlərin rəqəmsal bacarıqlarına dair minimum tələblər də nəzərdə tutulub. Gözləntimiz odur ki, Azərbaycanda hər bir müəllim rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt haqqında yaxşı biliklərə malik olsun. Hesab edirik ki, bu, uşaqların inkişafına da müsbət təsir göstərəcək”.

Redaktor.az xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev səsləndirib.

Onun fikirlərinə görə, hazırda Azərbaycanda müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir, sertifikatlaşdırma prosesi isə beş ildən bir aparılır:

“Bu proseslərdə müəllimlərin fənn bilikləri, pedaqoji bacarıqları, eləcə də dinləmə və ünsiyyət bacarıqları qiymətləndirilir. Lakin mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıqla bağlı səriştələrin qiymətləndirilməsi hələ bu proseslərə daxil edilməyib”.

E.Əliyev mədəniyyətlərarası dialoq bacarıqlarının ölçülməsi üçün müvafiq qiymətləndirmə vasitələrinin hazırlanmasına da ehtiyac olduğunu qeyd edib:

“Hazırda şagirdlərin mədəniyyətlərarası dialoq bacarıqlarını ölçmək üçün konkret göstəricilərimiz yoxdur. Belə məlumatlar olmadıqda bu istiqamətdə təhsil siyasətinin formalaşdırılması da çətinləşir. PISA 2029-da media və süni intellekt savadlılığı qiymətləndiriləcək. Lakin bu qiymətləndirmə müzakirə etdiyimiz məsələlərin yalnız bir hissəsini əhatə edəcək”.

ARTİ rəsmisi bildirib ki, yeni standartlarda nəzərdə tutulan səriştələrin dərs prosesində necə tətbiq ediləcəyinin öyrənilməsi də vacibdir:

“Müxtəlif ölkələrin bu bacarıqları təhsil standartlarından sinif mühitinə necə keçirdiyini araşdırmaq istəyirik. Çünki standartlarda müəyyən tələblərin nəzərdə tutulması ilə onların dərsdə tətbiqi fərqli məsələlərdir. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və gələcəkdə müvafiq qiymətləndirmə vasitələrinin hazırlanması əhəmiyyətlidir”.

E.Əliyev Azərbaycan Respublikasının Təhsil İnstitutunun bu sahədə beynəlxalq əməkdaşlıq və birgə tədqiqatlarda iştirak etməyə hazır olduğunu da vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən