"Akkreditasiyası yoxdur, amma 24 saat müəllimlik edir" - Nicat Məmmədli

 13:05 28.10.2026     172

“Süni intellekt artıq insanların sosiallaşmasına təsir göstərən amillərdən birinə çevrilib. Əvvəllər bu prosesdə əsas rolu ailə, məktəb, dostlar və yaxın ətraf oynayırdısa, indi süni intellekt də gündəlik həyatımızın bir hissəsidir. Bu isə xüsusilə gənc nəslin hansı dəyərlərlə yetişəcəyi baxımından mühüm suallar doğurur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib.

O, süni intellektin gənclərin düşüncə tərzinə təsirini izah etmək üçün iki fərqli süni intellekt modelinə eyni sualı ünvanladığını qeyd edib:

“Modellərdən “Gənc insan ailə qarşısındakı öhdəliklərini şəxsi azadlığından üstün tutmalıdırmı?” deyə soruşdum. Birinci model ailə öhdəliklərinin nəzərə alınmalı olduğunu, lakin onların avtomatik olaraq şəxsi azadlıqdan üstün tutulmamalı olduğunu bildirdi. İkinci model isə hər iki amilin vacibliyini vurğulayaraq qərarın insanın öz dəyərlərindən və vəziyyətindən asılı olduğunu qeyd etdi”.

N.Məmmədlinin sözlərinə görə, bu cavablar ilk baxışda neytral görünsə də, müxtəlif cəmiyyətlərin mədəni dəyərləri baxımından fərqli qəbul oluna bilər:

“Təsəvvür edin ki, həmin sualı gecə saatlarında telefonundan istifadə edən 15 yaşlı yeniyetmə verir. Artıq onun əlində təhsil qurumları tərəfindən işə qəbul edilməyən, akkreditasiyadan və sertifikatlaşdırmadan keçməyən, lakin bir növ günün 24 saatı əlçatan olan müəllim var”.

TİF rəsmisi bildirib ki, əsas məsələlərdən biri süni intellektin təqdim etdiyi məlumatların və tövsiyələrin gənclərin dünyagörüşünə necə təsir etməsidir:

“Uzun illər şagirdlərə hansı biliklərin və mesajların çatdırılmasını müəyyənləşdirmək üçün dərsliklər üzərində çalışmışıq. İndi isə qarşımızda məzmunu hər hansı nazirlik və ya müvafiq qurum tərəfindən təsdiqlənməyən, alqoritmlər əsasında formalaşan yeni informasiya mənbəyi var. Əsas sual gənc nəslin bu mühitdə öz mədəni dəyərlərini və cəmiyyətlə bağlılığını necə qoruyacağıdır”.

Vumart və Güvən reklamı Vumart Güvən