“İran hakimiyyəti Azərbaycan dilində məktəblər açmağa hazırlaşmalıdır” - Sənan Həsənov

 16:26 28.10.2026     127

"İranda Azərbaycan xalqının ana dilində təhsil ala bilməməsi uzun illərdir ki, həllini tapmayan məsələdir. Bu, təbii ki, alimlərimizi və ictimai xadimlərimizi narahat edir".

Bunu Redaktor.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsində aparıcı elmi işçisi, dosent, ictimai xadim, politoloq Sənan Həsənov dedi.

Müsahibimiz düşünür ki, məsələyə hansı aspektdən yanaşmağımızdan asılı olmayaraq, çox qədimdən aparıcı rol oynayan böyük bir xalqın ana dilində təhsil almasına imkan verilməməsi ciddi suallar doğurur.

"Əslində, əsas sual xalqın təfəkkürünə və milli düşüncəsinə niyə belə münasibət göstərilməsidir. Bütöv regionun coğrafiyası və tarixi Azərbaycan xalqının ənənələri və yaratdığı dəyərlərlə zəngindir. Bu region əsrlər boyu inkişaf edib və böyük bir xalqın vətəni olub.

Dilimiz isə belə bir xalqın milli sərvəti, xalq kimi mövcudluğunun ifadəsidir. Bu gün də bu möhtəşəm dəyərdən məhrum etməyə çalışmaq, bilərəkdən xalqın ana dilində təhsil almasına məhdudiyyət qoymaq təhlükəli və yolverilməzdir. Çünki azərbaycanlıların ana dilində təhsil alması İran dövləti üçün heç bir təhlükə yaratmır və siyasi manevr imkanı vermir.

Xalq bütöv bir dəyərlər sisteminə malikdir və bu dəyərləri ona hansısa yolla qadağan etmək mümkün deyil. İran dövləti bilməlidir ki, Azərbaycan dilində məktəblərin açılması və bu dildə təhsil almaq imkanının yaradılması hakimiyyətin birbaşa borcudur. İran hakimiyyəti bu öhdəliyi yerinə yetirməyə hazırlaşmalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən