“Maaşı şagird sayına bağlamaq kənd müəllimlərini çətin vəziyyətə sala bilər, paytaxta axın başlayar" - Sona Əliyeva

 17:44 28.10.2026     163

Məktəblərin maliyyələşdirilməsində yeni mexanizmin tətbiqi təhsil sahəsində müzakirə olunan məsələlərdən biridir. İqtisadçı Eldəniz Əmirov müəllimlərin əməkhaqqının hesablanmasında sinifdəki şagird sayının da nəzərə alınmasını təklif edib. Onun fikrincə, şagird sayı artdıqca müəllimin iş yükü də artır və bu, əməkhaqqında öz əksini tapmalıdır.

Maraqlıdır, müəllimlərin əməkhaqqının hesablanmasında sinifdəki şagird sayının da nəzərə alınması nə dərəcədə məqsədəuyğundur? Bu mexanizmin tətbiqi müəllim əməyinin daha ədalətli qiymətləndirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə necə təsir edə bilər?

Təhsil eksperti, Əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva Redaktor.az-a bildirdi ki, Eldəniz Əmirovun təklifi haqlı bir problemə toxunur:

"Amma onu olduğu kimi tətbiq etmək təhsilə xeyirdən çox ziyan verə bilər. Düzgün yanaşma maaşı şagird sayına bağlamaq deyil, normanı aşan yükü müəllimə  ödəməkdir. Əvvəlcə mövcud vəziyyətə baxaq. Azərbaycanda müəllimin əməkhaqqı 18 saatlıq dərs yükü, təhsil, staj və sertifikatlaşdırma nəticələri əsasında hesablanır. Sertifikatlaşdırmadan yüksək nəticə ilə keçən müəllim dərs yükünün 35 faizi həcmində əlavə alır. Nazirin açıqladığı məlumata görə, 2025-2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqı 965 manat olacaq. Şagird sayı isə yalnız bir yerdə nəzərə alınır, yazı işlərinin yoxlanılmasına və sinif rəhbərliyinə görə əlavələr sinifdə 10-dan az şagird olduqda yarıya endirilir. Deməli, Əmirovun təklif etdiyi prinsip bizim sistemdə artıq var, sadəcə burada çoxdan aza doğru işləyir. 15 şagirdli sinifdə dərs deyən müəllim ilə 38 şagirdli sinifdə dərs deyən müəllim eyni əlavəni alır", - deyə o qeyd etdi.

Ekspertin sözlərinə görə, dünya təcrübəsində bu məsələ iki fərqli aspektdə nümayiş olunur:

"Birincisi, Rusiya modelidir. Rusiya 2007-2008-ci illərdən etibarən bir sıra regionlarda “şagird-saat” adlanan sistemi tətbiq etdi. Bu sistemdə müəllimin maaşı birbaşa sinifdəki şagird sayından asılı idi. Nəticə ağır oldu. Bu yanaşma xüsusilə az şagirdli kənd məktəblərində səmərəsiz çıxdı, müəllimlərin gəliri düşdü və bəzi regionlar ondan imtina etdi. Altay diyarında həmkarlar ittifaqı maaşın şagird sayından asılılığının ləğvini tələb etdi. Sonda region elə model hazırladı ki, maaşın ən azı 70 faizini təşkil edən baza hissəsi sinifdəki şagird sayından asılı olmasın. Qonşu Ermənistanda da oxşar vəziyyət yaşanıb. Müəllimin maaşı şagird sayından asılı olduğu üçün az şagirdli kənd məktəblərinin müəllimləri eyni işə görə daha az maaş alıblar.

İkincisi, ABŞ modelidir. Burada maaş şagird sayına bağlanmır. Əvəzində sinif üçün yuxarı hədd müəyyən edilir və həmin hədd aşıldıqda müəllimə əlavə ödəniş verilir. Məsələn, Vaşinqton ştatının "Federal Way" dairəsində hədd aşıldıqda müəllim ya əlavə köməkçi dəstəyi, ya da hər əlavə şagirdə görə gündəlik 18 dollar alır. Kaliforniyadakı Loomis dairəsində hər əlavə şagirdə görə semestrə 375 dollardan 900 dollaradək ödəniş nəzərdə tutulub. Oklahoma ştatında isə müəllimə limitdən artıq hər şagirdə görə 1 250 dollar, ildə ən çoxu 5 000 dollar ödənilməsi təklif olunub. Bu modelin əsas məntiqi belədir ki, əlavə ödəniş mükafat deyil, cərimədir. Məktəb sinfi bölmədiyi üçün pul ödəyir və bu, onu sinfi kiçiltməyə təşviq edir".

Müsahibimiz qeyd etdi ki, akademik tərəfinə gəldikdə, sinif ölçüsünün təsiri ən yaxşı ABŞ-nin Tennessi ştatında aparılmış “STAR” təcrübəsində öyrənilib:

"11 600 şagird təsadüfi qaydada kiçik və adi siniflərə bölünüb. Kiçik siniflərdə oxuyan şagirdlər daha yüksək nəticə göstəriblər. Əsas fayda isə aztəminatlı ailələrin uşaqlarına düşüb. İqtisadçı Alan Kruegerin hesablamasına görə, sinfi 22 şagirddən 15-ə endirməyin daxili gəlirlilik norması təxminən 6 faizdir, yəni bu investisiya öz xərcini təxminən iki dəfə ödəyir. Amma bu, kiçik sinfin faydasıdır, qələbəlik sinfə görə müəllimə əlavə pul verməyin faydası deyil. İqtisadi tərəf ən vacib məqamdır. İƏİT-in “Education at a Glance” hesabatlarına görə, bir şagirdə düşən müəllim xərci dörd amildən asılıdır. Müəllimin maaşı, sinif ölçüsü, müəllimin dərs saatı və şagirdin dərs saatı. Bu amillər bir-birini tarazlayır. Məsələn, Fransada müəllim maaşları Macarıstandakından xeyli yüksəkdir, amma Fransada siniflərdə orta hesabla 6-7 şagird çox olduğu üçün bir şagirdə düşən xərc təxminən eynidir. Yəni, dövlət ya yüksək maaş və böyük sinif, ya da aşağı maaş və kiçik sinif seçir. İƏİT-in təhlili göstərir ki, müəllim maaşına üstünlük vermək çox vaxt sinfi kiçiltməkdən daha səmərəlidir. Amma bu, yalnız sinif ağlabatan həddə qaldıqda doğrudur. Bakının bəzi məktəblərində olduğu kimi, 855 şagirdlik binada 2 500-dən çox uşaq oxuyursa, artıq söhbət tarazlıqdan yox, sistemin həddən artıq yüklənməsindən gedir".

S.Əliyeva hesab edir ki, bu təklif Azərbaycanda birbaşa tətbiq olunarsa, üç risk yaranır:

"Birincisi, şagird sıxlığı olanda paralel sinif açmağa maraq azalır. Halbuki dövlət standartına görə, sinifdə şagird sayı 30-u keçəndə paralel sinif açılmalıdır. İkincisi, kənd müəllimi zərər çəkir. Onsuz da az şagirdə görə əlavələri yarıya enən kənd müəllimi bu dəfə baza maaşını da itirməklə üzləşir. Bu, həm də regionlardan mərkəzə doğru müəllim axınını sürətləndirə bilər. Üçüncüsü, büdcə yükü artır, amma təhsilin keyfiyyəti dəyişmir, çünki qələbəlik sinif yerində qalır. Mən, əlbəttə, sadəcə tövsiyələrimi sizinlə bölüşə bilərəm. Məsələn, mövcud sistemdəki “10 şagirddən az” qaydasının güzgü variantı tətbiq olunmalıdır. Sinifdə şagird sayı 30-u keçdikdə yazı işlərinin yoxlanılmasına və sinif rəhbərliyinə görə əlavələr artırılmalıdır. Bu əlavə müəllimin əlavə əməyini ödəyər, amma baza maaşına toxunmaz. Bu ödəniş müvəqqəti xarakter daşımalı və məktəb rəhbərliyini paralel sinif açmağa, yeni korpus tələb etməyə təşviq etməlidir".

Keçmiş deputatın fikrincə, kənd məktəbləri üçün isə az şagirdə görə əlavələrin yarıya endirilməsi qaydası yenidən nəzərdən keçirilməlidir.

"Müəllim əməyinin əsas ölçüsü isə sertifikatlaşdırma və peşəkar inkişaf olaraq qalmalıdır. Həmçinin, əlavə ödənişin həcmi kiçik olmamalıdır. Məsələn, sinifdə 30-dan artıq hər şagirdə görə dərs yükünün 1 faizi qədər əlavə tətbiq edilsə, 965 manat maaş alan müəllim üçün bu, hər əlavə şagirdə görə təxminən 10 manat deməkdir. Bu məbləğ müəllimin əlavə əməyini simvolik qiymətləndirir. Amma məktəb üçün sinfi bölmək kifayət qədər cəlbedici olmalıdır. Bu nisbəti iqtisadçılar dəqiq hesablamalıdır. İstənilən halda, dünya təcrübəsi bir şeyi aydın göstərir ki, maaşı şagird sayına bağlayan ölkələr bu yoldan geri çəkilib, hədd aşıldıqda əlavə ödəyən ölkələr isə bu modeli saxlayıb. Belə olan təqdirdə, Azərbaycan üçün də ən ağlabatan yol Rusiyanın səhvini təkrarlamaq yox, mövcud sistemi normadan artıq yükü ödəyən mexanizmlə tamamlamaqdır. Və əsas məqsəd qələbəlik siniflərin azaldılması və əlavə siniflərin açılması olmalıdır", - deyə Əməkdar müəllim yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən