“İran əvvəlcə öz ərazisində yaşayan azərbaycanlıların ana dilində təhsil hüququnu təmin etsin” - AÇIQLAMA
“İran İslam Respublikasında artıq digər millətlərin nümayəndələri üçün orta məktəblərdə milli dillərdə dərslər keçirildiyi halda, Azərbaycan dilində məktəb yoxdur, ümumiyyətlə, Azərbaycan dilində təhsil həyata keçirilmir. Halbuki İran İslam Respublikası ərazisində yaşayan İran vətəndaşlarının etnik tərkibinə baxdıqda, onların təqribən yarısını azərbaycanlılar təşkil edir”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov İranda yaşayan azərbaycanlıların ana dilində təhsil hüquqlarının olmamasından danışarkən bildirdi.
Onun fikrincə, Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup alimi tərəfindən İran İslam Respublikasının prezidentinə bu barədə müraciət ünvanlanması, həmçinin burada yaşayan azərbaycanlılar üçün ana dilində, milli dildə məktəblərin açılması və dərs vəsaitlərinin hazırlanması uşaqların öz milli kimliklərini, milli-mənəvi dəyərlərini daha dərindən öyrənmələri üçün geniş imkanlar yarada bilər:
"Amma nədənsə İran İslam Respublikasının dini-ideoloji rejimi, xüsusilə də əhalinin böyük hissəsini təşkil edən azərbaycanlılar üçün bu tip məktəblərin, yəni azərbaycandilli məktəblərin açılmasında maraqlı deyil. Sanki bunu azərbaycanlıların ana dilində təhsil aldıqdan sonra milli muxtariyyət əldə etməsi, daha sonra isə milli dövlət qurması ehtimalı ilə əlaqələndirirlər. Sanki bu dövlətin ideoloqları düşünürlər ki, azərbaycanlılar üçün milli dildə məktəblərin açılması digər azsaylı xalqlardan fərqli olaraq onların ayrıca dövlət qurmasına və İran İslam Respublikasının parçalanmasına gətirib çıxara bilər”.
Şöbə müdiri qeyd etdi ki, Azərbaycanın müstəqilliyini elan etməsindən 35 il ötür:
“Amma bu illər ərzində İran İslam Respublikası orada yaşayan erməni xalqının nümayəndələri, erməni etnik qrupları üçün ermənidilli məktəblərin açılmasına imkan verdiyi halda, azərbaycanlılar üçün, xüsusilə də ana dilində təhsil verən məktəblərin açılmasına mane olur və ya buna icazə vermir. Aydındır ki, bu məsələ nə qədər çox qabardılarsa, həm beynəlxalq təşkilatlar, həm də yerli əhali səviyyəsində məktəblərin açılması məsələsi gündəmdə saxlanılarsa, yəqin ki, müəyyən qədər dönüş yaratmaq mümkün olar.
Bir maraqlı faktı da qeyd etmək istəyirəm. İran İslam Respublikasında Azərbaycanda orta ümumtəhsil məktəblərində vahid geyim qaydalarının tətbiqi məsələsi gündəmə gələn və bununla bağlı Nazirlər Kabineti qərar qəbul edən kimi rəsmi şəxslər Azərbaycanın daxili işlərinə qarışmağa, xüsusilə də vahid geyim məsələsinə müdaxilə etməyə başladılar. Onlar Azərbaycanda İran İslam Respublikasındakı kimi dini təmayüllü, sekulyar olmayan məktəb təhsil sisteminin formalaşdırılması istiqamətində addımların atılmasını dəstəkləyirdilər. Halbuki öz ərazisində yaşayan azərbaycanlıların ana dilində, dünyəvi təhsil almasına razılıq vermədiyi halda, digər ölkələrdə dini və ideoloji təhsilin yayılması istiqamətində təbliğat və təşkilati iş aparırlar”.
Rəşad Əsgərov vurğuladı ki, İran İslam Respublikası əvvəlcə öz ərazisində yaşayan azərbaycanlıların ana dilində təhsil almasını dünya standartlarına və dünyəvilik prinsiplərinə uyğun şəkildə təmin etməli, yalnız bundan sonra digər ölkələrin daxili işlərinə müdaxilə etməlidir:
“Aydındır ki, bu məsələlərin nə qədər çox qabardılması və gündəmə gətirilməsi İran İslam Respublikasının dini-ideoloji rəhbərliyinin mövqeyində müəyyən yumşalmalara səbəb ola bilər. Ümid edirik ki, bu istiqamətdə müsbət dəyişikliklər baş verəcək”.
Aytəkin TOFİQQIZI












