Müəllimləri yeni tələblər gözləyir: İmtahanda hansı bacarıqlar yoxlanılacaq? - AÇIQLAMA
Təhsil İnstitutunun (ARTİ) direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev deyib ki, hazırlanması başa çatmaq üzrə olan yeni standartlarda müəllimlərin rəqəmsal bacarıqlarına dair minimum tələblər nəzərdə tutulub.
Maraqlıdır, bəs bu tələblər nələr ola bilər?
Mövzu ilə bağlı elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hər gün informasiya texnologiyaları alətləri ilə bağlı yeniliklər meydana gəlir və Azərbaycan müəllimi bu sahədə müəyyən qədər bilik və bacarıqlara sahib olmalıdır:
"Həm süni intellekt platformaları, həm də rəqəmsal texnologiya alətləri gündən-günə inkişaf edir və getdikcə tədris prosesi də həm süni intellekt alətlərindən istifadəni, həm də rəqəmsal bacarıqların formalaşmasını tələb edir. O nöqteyi-nəzərdən, əlbəttə ki, biz müəllimlərin bu istiqamətdə bilik və bacarıqlarını daha da inkişaf etdirməklə bağlı müəyyən təlimlərin, treyninqlərin keçirilməsinin tərəfdarıyıq və uzun müddətdə ola bilsin ki, hansısa imtahanlarda onların bu istiqamətdə bilik və bacarıqları yoxlanıla bilər, bir neçə sual məhz informatika yönümlü, rəqəmsal bacarıqlar yönümlü ola bilər".

Onun sözlərinə görə, qarşıdakı dövrlərdə sistem təminatı rəqəmsal informasiya, rəqəmsal alətlər istiqamətində qurulacağından müəllimlərin də bu istiqamətdə bacarıqları mühüm əhəmiyyət kəsb edir:
"Yəni müəllimlər müvafiq alətlərlə işləməyi bacarmalıdırlar. İstər süni intellekt tətbiqləri olsun, istər müvafiq rəqəmsal texnoloji alətlər olsun, ağıllı lövhələr, bəzi ağıllı cihazlar və sair. Yəni hər bir müəllimin, təbii ki, bu istiqamətdə bilik və bacarıqlarının olması vacib və zəruridir. Müvafiq tələblərin qoyulması da ola bilər ki, yəni müəllimlərdən soruşula bilər ki, bu istiqamətdə hansı bilik və bacarıqlara sahibdirlər. Bu, sual formasında da qoyula bilər, müsahibə mərhələsində ola bilər və yaxud da test imtahanı mərhələsində tətbiq oluna bilər".
Aytəkin TOFİQQIZI













