"Həmin şagirdlər məktəbə sərbəst geyimdə gəliblərsə..." - AÇIQLAMA
Ötən gün 225 nömrəli məktəbin həyətində çəkiliş aparmaq istəyən jurnalist şagirdlərin hücumuna məruz qalaraq döyülüb. Məktəbin direktor müavini hadisə ilə bağlı açıqlamasında ərazidə kənar şəxslərin olmadığını və jurnalistə hücum edənlərin 9-10-cu sinif şagirdləri olduğunu bildirib.
Amma jurnalistə hücum edən şəxslərin üzərində məktəbli forması olmadığı, bəzilərinin isə saqqallı olduğu görünür. Bu məqamlar isə məktəbli geyimi ilə bağlı qaydaların açıq-aşkar pozulduğunu göstərir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd etdi ki, jurnalist fəaliyyətini icra edərkən hər hansısa müdaxilə qətiyyən yolverilməzdir:
"Həmin uşaqlar şagirdlərdirmi və ya bu şagirdlər dərsə gəlmişdilərmi, vahid geyim formasında olmadıqları üçünmü dərsə buraxılmayıblar? Bunlar təbii ki, müvafiq formada araşdırılmalıdır. Buna uyğun hüquqi qiymət verilməlidir. Hadisəni isə qətiyyən pisləyirəm. Hamı diqqətli olmalıdır. O şagirdlər vahid geyim formasında məktəbə gəlmək məcburiyyətində olduqları halda, sərbəst geyimdə gəliblərsə, bu da ayrı problemdir. Ümumiyyətlə, hadisənin necə olduğu, necə məktəbə buraxılmayıblar, bunlar araşdırılacaq. Məktəblərdə artıq vahid forma tətbiq olunur. Hər bir şagird bu formada tədrisə cəlb olunmalıdır".
Aytəkin TOFİQQIZI













