“Praktik bilikləri testlərlə qiymətləndirmək çətindir” - Təhsil eksperti
“Bu gün yalnız əzbərçilik və təkrarlama əsasında təhsil alan gənclərin müasir dövrün tələblərinə cavab verməsi çətin olacaq. Müəyyən testləri əzbərləməklə ali məktəbə qəbul olmaq, bakalavr və magistratura təhsili almaq, diplom əldə etmək mümkündür. Lakin əsas məsələ həmin şəxslərin dəyişən şəraitə uyğunlaşmaq, ünsiyyət qurmaq, tənqidi və yaradıcı düşünmək bacarıqlarına nə dərəcədə yiyələnməsidir”.
Bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” adlı panel sessiyasında səsləndirib.
Bəs gənclərdə əzbərçiliyin aradan qaldırılması, tənqidi və yaradıcı düşünmə, eləcə də dəyişən şəraitə uyğunlaşma bacarıqlarının formalaşdırılması məktəb dövründən başlamalıdır, yoxsa bu istiqamətdə əsas iş ali təhsil müəssisələrində aparılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan “Elm” İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirdi ki, zəruri məlumatların öyrənilməsi, başa düşülməsi və mənimsənilməsi gələcək karyerada, insanın özünü dərk etməsində və fəaliyyətində böyük rol oynayır:
“Bu baxımdan, Dövlət İmtahan Mərkəzi artıq bir müddətdir ki, bəzi testlərə praktik məzmunlu suallar daxil etməyə başlayıb. Bununla yanaşı, elə praktik fənlər var ki, həmin sualların hazırlanması kifayət qədər çətindir. Məsələn, kimya, biologiya və fizika praktiki fəaliyyətə əsaslanan fənlərdir. Bu fənlər üzrə praktik sualların hazırlanması və onların test vasitəsilə cavablandırılması, demək olar ki, mümkün deyil”.
Müsahibimizin fikrincə, gələcəkdə bu məqam nəzərə alınarsa, şagirdlərin karyerasına və hətta təhsildən sonrakı nailiyyətlərinə müsbət təsir göstərə bilər.
“Digər tərəfdən, ali təhsil müəssisələrinə qəbul, təbii ki, yalnız seçim mərhələsidir. Əsasən praktik bilik və bacarıqların formalaşdırılması ilə ali təhsil müəssisələri məşğul olur.
Hər iki təhsil müəssisəsində – istər məktəbdə, istərsə də ali təhsil müəssisələrində – ilk növbədə ədalətlilik prinsipini qorumağa çalışmalıyıq. Lakin digər tərəfdən, praktik sualların testlərə və imtahanlara daxil edilməməsi qiymətləndirmə mərhələsində müəyyən çətinliklər yarada bilər. Buna görə də qiymətləndirmə zamanı həm ədalətlilik prinsipini qorumaq, həm də praktik bilik və bacarıqları nəzərə almaq məsələsi diqqətdə saxlanılmalıdır”.
Xədicə BAXIŞLI













