“Qaydalara nəzarətsizlik məktəbin nüfuzunu zəiflədir” - İlqar Orucov
"Bakı şəhəri 225 nömrəli tam orta məktəbdə qeydə alınan insident və bunun ardınca şagirdlərin xarici görünüşü, eləcə də vahid məktəbli geyim forması qaydalarının pozulması ilə bağlı yayılan görüntülər, ümumi təhsil müəssisələrində nizam-intizamın icrası məsələsini yenidən gündəmə gətirib. Paytaxtın mərkəzi təhsil ocaqlarından birində şagirdlərin müəyyən olunmuş daxili qaydalara, etik normalara və xarici görünüş standartlarına tam əməl etməməsi idarəetmədə institusional nəzarət sahəsində boşluqların mövcudluğunu nümayiş etdirir. Dövlətin müəyyən etdiyi müasir, dünyəvi və keyfiyyətli təhsil sistemində daxili intizam və vahid geyim normaları sadəcə formal bir tələb deyil, şagirdlər arasında bərabərliyi təmin edən, məktəb mühitini kənar təsirlərdən qoruyan və hüquqi davranış mədəniyyətini formalaşdıran vacib tənzimləmə mexanizmidir".
Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi.
O qeyd etdi ki, qanunvericiliyin və ümumi təhsil müəssisələrinin daxili nizam-intizam qaydalarının tələblərinə əsasən, məktəb daxilində idarəetmə və qaydalara qeyd-şərtsiz nəzarətin təmin edilməsi birbaşa məktəb rəhbərliyinin — direktor və müvafiq təşkilati strukturların vəzifə funksiyalarına və hüquqi məsuliyyətinə daxildir:
"Paytaxt məktəblərində nizamnamə tələblərinin kənara qoyulması, şagirdlərin xarici görünüşündə dünyəvi məktəb modelinə uyğun gəlməyən halların adi hala çevrilməsi rəhbərliyin administrativ nəzarət alətlərindən effektiv istifadə etməməsinin və həm də məsuliyyətsizliyinin nəticəsidir. Məktəb rəhbərliyi hər bir tədris gününün başlanğıcında nəzarəti elə qurmalıdır ki, qanunla təsbit olunmuş vahid geyim və xarici görünüş standartlarından yayınma halları məktəbin girişində dərhal aşkarlansın və qabaqlayıcı tədbirlər görülsün. İnzibati nəzarətsizlik və ya qaydalara loyallıq nümayiş etdirmək təhsil müəssisəsinin pedaqoji nüfuzunu zəiflədir və oxşar insidentlərin yaranmasına daxili zəmin formalaşdırır".
Müsahibimizin fikrimcə, nəzarət mexanizmlərinin ciddi şəkildə gücləndirilməsi üçün ardıcıl və sistemli institusional addımların atılması zəruridir:
"Məktəb daxilində qaydalara nəzarət yalnız sinif rəhbərlərinin subyektiv yanaşmalarına buraxılmamalı, müəssisə rəhbərliyinin, psixoloqların və pedaqoji şuranın birgə fəaliyyəti çərçivəsində daxili monitorinq sisteminə çevrilməlidir. Digər tərəfdən, ailə-məktəb tərəfdaşlığı subyektləri arasında funksional dialoq qurulmalı, valideyn icmalarına uşaqların fiziki-psixoloji inkişaf qanunauyğunluqları fonunda məktəb nizam-intizamının əhəmiyyəti rəsmi şəkildə izah olunmalıdır. Valideynlər dərk etməlidirlər ki, dünyəvi təhsil prinsipləri hər bir fərdin hüquq bərabərliyini qoruyur və dövlətin məktəblərdə müəyyənləşdirdiyi vahid standartlardan irəli gələn tələblər hər bir tərəf üçün məcburi hüquqi öhdəlikdir".
Xədicə BAXIŞLI













