Müəllimlərdən artıq bu bacarıqlar da tələb olunacaq - Yeni standartlarla bağlı AÇIQLAMA
"Azərbaycan Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyevin hazırlanması başa çatmaq üzrə olan yeni standartlarda müəllimlərin rəqəmsal bacarıqlarına dair minimum tələblərin nəzərdə tutulduğunu bəyan etməsi ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatların rəqəmsal keçid dövrünün çağırışlarına uyğunlaşdırılmasından irəli gəlir".
Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi.
Müsahibimiz diqqətə çatdırdı ki, müasir dünyada informasiya texnologiyaları təlim mühitinin kənar köməkçi elementi deyil, onun birbaşa məzmununu formalaşdıran vacib infrastruktur alətidir:
"Bu baxımdan, təhsil sənədlərində pedaqoji heyətin texnoloji savadlılığına dair rəsmi tələblərin qoyulması ümumi təhsilin dünyəvi, keyfiyyətli və rəqabətədavamlı prinsiplərinin qorunması, həmçinin dövlətin müəyyən etdiyi müasir insan kapitalı strategiyasının uğurla reallaşması baxımından son dərəcə mütərəqqi və hədəfə yönəlmiş bir addımdır. Bu yanaşma müəllimi sadəcə informasiya ötürücüsü funksiyasından çıxarıb, rəqəmsal mühitdə şagirdlərin fərdi inkişafına bələdçilik edən müasir bir təlim rəhbərinə çevirir".
İ.Orucovun fikrincə, yeni standartlar çərçivəsində müəllimlərin qarşısına qoyulacaq minimum tələblər sadəcə kompüterdən ümumi istifadə və ya elektron sənədləşmə ilə məhdudlaşmamalı, birbaşa interaktiv tədris metodikasını əhatə etməlidir:
"İlk növbədə, müəllimlərdən elektron təlim platformalarından, səsli və vizual rəqəmsal vəsaitlərdən tədris prosesində sərbəst yararlanmaq, dərsləri hibrid prinsiplərə uyğun qurmaq bacarığı tələb olunacaqdır. İkincisi, müəllimlər internet mühitində təhlükəsizlik qaydalarını yaxşı bilməli, şagirdlərə rəqəmsal alətlərdən istifadənin etik standartlarını aşılamağı bacarmalı və yaradıcı tapşırıqların süni intellekt vasitəsilə nəzarətsiz şəkildə köçürülməsi halları ilə mübarizə apara bilməlidirlər. Üçüncüsü, pedaqoqların müasir təlim analitikası alətləri vasitəsilə şagirdlərin bilik səviyyəsini rəqəmsal platformalar üzərindən dəqiq ölçmək və proqnozlaşdırmaq bacarığına sahib olması zəruridir.
Təhsil idarəçiliyində müəllimlərin rəqəmsal bacarıqlarının obyektiv meyarlarla ölçülməsi bu sferada fəaliyyət göstərən, lakin müasir dövrün texnoloji tələblərindən kənarda qalan qeyri-peşəkar yanaşmaların da aradan qaldırılmasına şərait yaradacaqdır. Eyni zamanda, bu standartların tətbiqi uşaqların fiziki-psixoloji inkişaf qanunauyğunluqlarına və rəqəmsal sağlamlıq normalarına tam cavab verən daxili məktəb sisteminin qurulmasına birbaşa xidmət edəcək".
Təhsil eksperti hesab edir ki, yeni rəqəmsal standartların uğurlu və effektiv olması üçün bu proses sadəcə kəskin inzibati tələblərlə müşayiət olunmamalıdır:
"Dövlət tərəfindən bu standartların tətbiqi ilə paralel şəkildə müəllimlər üçün intensiv və ödənişsiz ixtisasartırma kursları, habelə metodiki dəstək proqramları təşkil edilməlidir. Xüsusilə regional və kənd məktəblərində fəaliyyət göstərən müəllimlərin yeni rəqəmsal sistemə adaptasiyası üçün məktəb mühiti müasir və hibrid infrastrukturla təmin olunmalı, dünyanın qabaqcıl metodiki vəsaitləri dərhal dilimizə tərcümə edilərək istifadəyə verilməlidir. Yalnız elmi əsaslara söykənən, daxili stimullaşdırma imkanlarını tam nəzərdə tutan və müəllimin yaradıcı sərbəstliyini qoruyan kompleks yanaşma ümumi təhsil müəssisələrimizi sadəcə nəzəri biliklər verən məkan olmaqdan çıxarıb, gənc nəslin akademik suverenliyini, peşəkar bacarıq və səriştələrini təmin edən müasir təlim mərkəzinə çevirəcəkdir".
Aytəkin TOFİQQIZI













