"Məktəb psixoloqları Amerika filmlərində olduğu kimi, hadisə bitdikdən sonra məsələyə müdaxilə edirlər" - AÇIQLAMA
"Orta ümumtəhsil məktəbində yeddinci sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi, əlbəttə ki, üzücü bir hadisə kimi diqqətdə qaldı. Məsələ ilə bağlı şagirdin anasının vəfat etməsi, atasının rayonda olması, uşaqla məşğul olmamaları və sair kimi iddialar səsləndirilir. Əlbəttə ki, bunların hamısı hüquq-mühafizə orqanlarının istintaq yekunlaşdıqdan sonra rəyinə əsasən müəyyənləşəcək. Ona görə də mən düşünürəm ki, bu istiqamətdə, əlbəttə ki, istintaqın gedişatını və yekunlaşmasını gözləmək lazımdır. Müəyyən fikirlər irəli sürülür, müəyyən fikirlər deyilir, amma istintaqın yekunu, əlbəttə ki, bu fikirlərin həqiqiliyini və doğruluğunu ortaya qoyacaq".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması nəticəsində vəfat etməsindən danışarkən bildirdi.
Müsahibimiz belə hadisənin baş verməsində məktəbi və valideyni günahlandırır:
"Məktəbi ona görə günahlandırıram ki, əgər bu uşağın anası vəfat edibsə, uşağın sinif rəhbərləri və digər müəllimləri varsa, sinif yoldaşları uşaqla bağlı bəzi fikirlər səsləndirirsə, ən əsas vacib məqam odur ki, məktəb psixoloqu da bunu bilməli idi. Bu uşağın sinif yoldaşları əgər onun "anama qovuşmaq istəyirəm" dediyini eşidibsə, bunu sinif rəhbəri də bilməli idi. Sinif rəhbəri bilibsə, məktəb psixoloquna bildirməli idi. Məktəb psixoloqu bilibsə, bu uşaqla görüşməli idi. Uşaqla görüşülübmü? Neçə dəfə görüşülüb? Bu istiqamətdə dəstək verilibmi? Uşağa, əlbəttə ki, psixoloji dəstək verilməli idi".
R.Nurəliyev düşünür ki, bu gün bizim orta ümumtəhsil məktəblərində psixoloq xidməti arzuolunan vəziyyətdə deyil:

"Məktəb psixoloqları Amerika filmlərində olduğu kimi, hadisə bitdikdən sonra məsələyə müdaxilə edirlər. İki uşaq dalaşıb bitir, birinin başı partlayır, sonra psixoloq çağırır, başı partlayanla görüşür və yaxud da başını partladanla görüşür. Belə olmalı deyil. Məktəb psixoloqu şagirdlərlə mütəmadi görüşlər həyata keçirməlidir. Məktəb psixoloqu o demək deyil ki, sənə bir kabinet verilir, gedib otur o kabinetdə, internetə gir. Məktəb psixoloqunun vəzifəsi tənəffüslərdə şagirdlərlə bərabər olmaq, şübhələndiyi şagirdlərin tənəffüsdəki davranışlarını müşahidə etməkdir. Məsələn, idman, texnologiya və s. kimi dərslərdə bəzi uşaqlarla fərdi görüşlərin həyata keçirilməsinə təşəbbüs göstərməlidir. Əgər uşaqda müəyyən problemlər varsa, o istiqamətdə görüşlər keçirilməli, problem həll olunmadığı təqdirdə valideynə bildirilməli və valideyn də lazımi tədbirləri görməlidir, daha peşəkar bir psixoloqa istiqamətləndirilməlidir və sair. Görünür ki, bu, məktəbin xətalarındandır, amma əlbəttə, burada ən böyük xəta valideyndədir".
Həmsöhbətimiz diqqətə çatdırdı ki, valideyn də öz uşağı ilə mütəmadi əlaqələnməli, uşağın problemlərini müəyyən etdiyi təqdirdə bu problemləri həmçinin məktəbdə müəllimlərinə və yaxud da məktəb psixoloquna bildirməlidir:
"Əgər uşağın travması daha böyükdürsə, bu uşağı mütləq müəyyən ixtisaslı, peşəkar psixoloqlara istiqamətləndirməlidir və sair. Düzdür, heç bir valideyn vəziyyətin bu yerə gəlib çıxacağını ümid etməz. Həqiqətən valideyn üçün də, müəllim üçün də ağır bir vəziyyətdir. Ona görə də düşünürəm ki, bu istiqamətdə hər hansı bir narahatlıq formalaşarsa, mütləq və mütləq psixoloq dəstəyi göstərilməlidir, həmin şagirdin digər şagirdlərlə də ünsiyyəti ciddi bir şəkildə qurulmalıdır. Çünki şagirdlər çox vaxt digər şagirdlərlə əlaqə qura bilmədiyi təqdirdə bəzi yönlərə əl atır. Ona görə də düşünürəm ki, müəyyən travmalar yaşayan uşaqlar, məsələn, anasını itirənlər və ya şagirdlər arasında təhrik olunan, nəticədə tənha qalan uşaqlar belə hallarla üzləşə bilərlər. Bu uşaq artıq potensial psixoloji dəstək istəyən uşaqdır və bu uşağa əlavə dəstək göstərilməlidir, bu uşağın sinif yoldaşları ilə ünsiyyətinin qurulmasına təşəbbüs göstərilməlidir, xüsusilə də sinif rəhbəri və psixoloq tərəfindən, bu uşağın ailəsinə, valideynlərinə bu istiqamətdə lazımi məlumatlar ötürülməlidir və valideyn tərəfindən daha peşəkar psixoloji dəstək göstərilməlidir. Anasını itirmiş uşaqlarla xüsusilə də daha yaxından əlaqə qurulmalıdır. Burada məktəb psixoloqunu və əlbəttə ki, valideynini daha çox günahlandırıram. Düzdür, onlar da istəməzlər belə bir hadisə yaşansın, amma bu istiqamətdə düşünürəm ki, mütləq fəaliyyət göstərilməlidir, məktəblərdə nəzarət ciddiləşdirilməlidir, problemi olan uşaqlara da psixoloji dəstək mütəmadi göstərilməlidir".
Ekspertin fikrincə, məktəb psixoloqlarının bir cədvəli olmalıdır:
"Mən bu tarixdə, bu saatda bu uşaqla görüşdüm, nə haqda görüşdüm və o görüşlər qeyd olunmalıdır. Bu gün gedin hər hansı bir orta ümumtəhsil məktəbinə, məktəb psixoloqunun dəftərini açın, baxın. Görəcəksiniz ki, orada varmı qeydlər, kimlərlə görüşdü və kimlərlə görüşdü yazılan bir qeydi həmin uşaqdan gedin soruşun, görün görüşübmü? Yəni, çox acı bir vəziyyətdir".
Aytəkin TOFİQQIZI













