Nazir müavinindən məktəb forması XƏBƏRDARLIĞI: Qaydaları pozan müəllim və şagirdləri nə gözləyir?

 11:40 02.11.2026     235

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov dövlət və özəl ümumi təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi, habelə nizam-intizamı pozan şagird və müəllimlərə qarşı nəzərdə tutulan tədbirlərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Redaktor.az xəbər verir ki, nazir müavini APA-ya müsahibəsində mövcud geyim qaydalarının dövlət məktəblərini əhatə etdiyini, özəl müəssisələrin isə öz Nizamnamələrinə uyğun olaraq müvafiq qaydalar müəyyən edə bildiyini deyib.

Lakin o vurğulayıb ki, bu məsələdə dövlət və özəl məktəb fərqi qoyulması valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər. Firudin Qurbanovun sözlərinə görə, şagirdlərin təhlükəsizliyi, təhsil hüququnun qorunması və məktəbdaxili nizam-intizamın təmin edilməsi üçün bu prinsiplər istisnasız olaraq bütün təhsil müəssisələrinə şamil olunmalıdır.

Geyim qaydalarını pozanlar üçün hansı tədbirlər görüləcək?

Dərsə buraxılmayan şagirdlərə toxunan nazir müavini valideynlərə müraciət edərək bildirib ki, böyüklər arasındakı fikir ayrılıqlarının bədəlini uşaqlar təhsildən geri qalmaqla ödəməməlidir. Qanunvericiliyə əsasən, hər bir valideyn övladının davamiyyətinə və tərbiyəsinə məsuliyyət daşıyır. Şagirdin dərsdən qalması biliyində boşluqlar yaradır və onun növbəti mərhələyə keçməsinə mənfi təsir göstərir. Bu səbəbdən cəza tədbirlərindən daha çox maarifləndirmə işlərinə üstünlük verilməlidir.

Geyim tələblərini pozan müəllimlərə gəldikdə isə, F.Qurbanov məsələnin Əmək Məcəlləsi və əmək müqaviləsi çərçivəsində tənzimləndiyini xatırladıb. Müəyyən edilmiş qaydalara riayət olunması müəllimlərin peşə öhdəliyidir. Üzrlü səbəb olmadan işə çıxmamaq və ya intizam tələblərini təkrarən pozmaq qanunazidd əməl kimi dəyərləndirilir. Nazir müavini müəllimlərin böyük əksəriyyətinin artıq bu tələblərə əməl etdiyini və tədris fəaliyyətini ləyaqətlə davam etdirdiyini əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən