Bu müəllimlərin maaşı iki dəfə çox olacaq - AÇIQLAMA

 13:41 02.11.2026     216

"Tam ştatlı müəllim modeli ilə bağlı bizi əsas düşündürən məsələlərdən biri modelə cəlb olunacaq müəllimlərin necə qiymətləndiriləcəyidir. Düzdür, deyilə bilər ki, tələsməyə ehtiyac yoxdur. Çünki proses 2027-2031-ci illəri əhatə edəcək və ümumi prosesin ilk mərhələsi pilot mərhələsi xarakteri daşımaqla yanaşı, 20 min müəllimi əhatə edəcək. Eyni zamanda, 20 min müəllim çox böyük rəqəmdir. Məlumat veriləndə biləcəyik ki, müəllimlər tam ştatlı müəllim modelinin tələb etdiyi digər işləri – şagirdlərlə fərdi işlərin aparılmasını, valideynlərlə görüşləri və pedaqoji işin təşkilini həyata keçirdikdə bu, necə qiymətləndiriləcək? Düşünürəm ki, məsələ ilə bağlı rəsmi dövlət qurumunun qərarı olmamış nəsə demək doğru olmaz".

Bunu Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi.

"Proqnoz xarakterli olaraq və beynəlxalq təcrübədən çıxış edərək deyə bilərik ki, bu modeldə müəllimin dərsdən sonra şagirdlərlə fərdi hazırlıq məsələsinin necə qiymətləndiriləcəyini bilmək çox yaxşı olardı. Bəlli olan bir məqam var ki, tam ştatlı müəllim modelinə cəlb olunan müəllimin əməkhaqqı digərlərinə nisbətən iki dəfə çox olacaq. Əlavə əməkhaqqı, çox güman ki, dərsdən sonrakı fəaliyyəti üçün hesablanmış vəsaitdir. Bəs bu vəsait hansı keyfiyyətlərə və ölçmə meyarlarına görə qiymətləndiriləcək? Məsələn, siz də tam ştatlı müəllimsiniz, mən də tam ştatlı müəlliməm. Siz dərs saatından sonra şagirdlərlə üç-dörd saat dayanmadan işləyirsiniz. Mən isə bir-iki saat işləyirəm. Amma ikimiz də eyni vəsaiti alacağıqsa, bu, nə dərəcədə doğru olacaq? Bunun ölçü meyarı necə olacaq? Bu nüanslar mənim üçün çox maraqlıdır. Yenə də gözləyək. Düşünürük ki, bu model 2027-ci ildə tətbiq olunacaq deyə, gələn ilin əvvəlində bizə qaranlıq qalan bir çox suallar aydınlaşacaq", - o vurğuladı.

Ekspertin sözlərinə görə, mövzu ilə bağlı müəllimlərin özlərinin də bir çox sualları var:

"Elə adamlar tanıyıram ki, onlar tam ştatlı müəllim modeli üçün çox adekvat insanlardır, çox güclü müəllimlərdir. Amma onlar da bəzi suallarla üz-üzədirlər. Bir nümunə də gətirək. Məsələn, siz güclü repetitorsunuz. Dərsdən sonra sizə çox uşaq müraciət edir və abituriyent qruplarınız var. Amma siz bu model üzrə işə düzələndən sonra 8 saat məcburi olaraq məktəbdə qalmalısınız. Repetitor olan müəllimlər də bilir ki, onların vaxtının yarım saat o yana-bu yana dəyişməsi aləmi bir-birinə qatır. Bu, müəllimlərin də işinə təsir edir. Elə tam ştatlı müəllim modelinin əsl funksiyası da odur ki, repetitorluq kölgədə qalsın. Abituriyenti məktəb yetişdirsin, hazırlasın və onu həm təhsilin, həm də imtahan tələbləri əsasında formalaşdırsın. Biz elə başa düşməyək ki, məktəb işi yalnız imtahan əsaslı öyrənməyə hesablanıb. Xeyr, məktəb şəxsiyyəti formalaşdıran bir qurumdur. İnanırıq ki, məktəblər hər iki istiqamətdə də işlərini görə biləcəklər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən