"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə

 16:31 02.11.2026     142

"Son zamanlarda baş verən hadisələr, şagirdlər arasında aqressiyanın artması, özünə zərər yetirmə halları cəmiyyət olaraq hər birimizi bir daha üzdü. Çalışmalıyıq ki, bu cür hadisələr bir daha təkrarlanmasın. Bunun üçün valideynlər, müəllimlər, yəni uşağın tərbiyəsi ilə məşğul olan insanlar bir daha özlərini hesabat qarşısında görməlidirlər. Niyə belə bir hadisə baş verdi? Məktəbin psixoloqu hara baxırdı? Əgər məktəbə psixoloq yönləndirilibsə, deyə bilmərik ki, uşaq çoxdur, psixoloq azdır. Burada müəllim də diqqətli olmalı idi. Səbəblər çox ola bilər, kimsəni qınamırıq. Amma nəticə etibarilə bu hadisə baş verib və burada müəyyən mənada valideynin, müəllimin, məktəb psixoloqunun da rolu var. Bu hadisə baş verməməli idi. Bu, onu göstərir ki, məktəblərimizdə, təhsil müəssisələrimizdə tərbiyə artıq tədrisdən sonraya keçib".

Bunu Redaktor.az-a açıqlamasında Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması ilə bağlı danışarkən bildirdi.

Müsahibimiz qeyd etdi ki, məktəbdə birinci tərbiyə, ikinci isə tədris olmalıdır:

"Biz tədrisə daha çox yönəldiyimiz üçün uşaqların tərbiyə məsələlərinə lazımi diqqət yetirmirik. Müəllimlər bir daha diqqətli olmalıdırlar. Biz uşaqlarımızın, şagirdlərimizin təkcə akademik göstəricilərinə baxmamalı, onların emosional vəziyyətləri ilə də maraqlanmalıyıq. Davranışlarında qəfil dəyişiklik, ünsiyyətlərində hər hansı narahatlıq varsa, bunu mütləq hiss etməliyik. Lazım olan məqamda mütəxəssisə, psixoloqa və ya pedaqoqa yönləndirməliyik. Axı hər uşaq öz çətinliyini ifadə edə bilmir, gəlib deyə bilmir ki, mən pisəm. Əgər susqunluq, ünsiyyətsizlik varsa, deməli, burada çox ciddi bir hal yaşanır. Digər tərəfdən, valideyn bu barədə məktəb rəhbərliyini məlumatlandırmalı idi. Uşaqla bağlı məktəb və ev arasında ciddi məlumat mübadiləsi olmalı, onunla fərdi şəkildə işlənməli idi".

Onun sözlərinə görə, müəllim olaraq sinfə daxil olanda bütün uşaqlara eyni pedaqoji yanaşma ilə yanaşmaq olmaz:

"Hər bir şagirdə diqqət yetirməliyik. Uşaq dərsdə diqqətsizdirsə, tapşırıqları yerinə yetirmirsə, davranışında, dediyim kimi, kiçik də olsa, dəyişiklik varsa, dərhal bunu valideynlə müzakirə etməliyik. Müəllimlərin çoxu belə şagirdləri intizamsız, məsuliyyətsiz adlandırırlar. Başa düşmürük ki, uşağın daxilində hansı mübarizə gedir, nələr yaşayır. Bəli, deyə bilərik ki, müəllim hər uşağın psixoloqu ola bilməz. Amma müəllim uşağın vəziyyətindəki dəyişikliyi görən, onu dinləyən, vaxtında müdaxilə edən və müvafiq mütəxəssisə yönləndirən ilk şəxs olmalıdır. Valideynlər də diqqətli olmalıdırlar. Düşünməməlidirlər ki, uşaq məktəbə gedirsə, biz oradan yalnız onun dərsləri və qiymətləri ilə maraqlanmalıyıq. Xeyr, onların hisslərini də bilməliyik. Nələr yaşadıqlarını, nə baş verdiyini, hadisənin niyə baş verdiyini araşdırmalıyıq.

Uşaq özünə zərər verirsə, yaşamaq istəmədiyini, yox olmaq istədiyini bildirirsə, biz bəzən bütün bunları yeniyetmələrin kaprizi kimi qiymətləndiririk. Deyirik ki, diqqət çəkmək istəyir. Amma bunu hər zaman belə qiymətləndirmək düzgün deyil. Nəticəni isə bu gün gördük. Ona görə də uşaqla fərdi şəkildə işlənməlidir. Valideyn, müəllim, məktəb psixoloqu və digər mütəxəssislər mütləq bir-biri ilə daim əlaqədə olmalı, məlumatlı olmalı, uşağın ehtiyacları ətrafında əməkdaşlıq qurmalıdırlar".

Pedaqoq vurğuladı ki, travma yaşamış uşaqlara xüsusi diqqət yetirilməlidir:

"Bu gün siniflərimizin çoxunda ailəsindən ayrılmış, zorakılığa məruz qalmış, valideynləri boşanmış uşaqlar var. Onların hamısına eyni pedaqoji yanaşmanı tətbiq etmək düzgün deyil. Müəllim bunları bilməli, valideyn isə müəllimi bu barədə məlumatlandırmalıdır. Travma yaşamış uşaqdan əvvəlki kimi davranmasını tələb edə bilmərik. Onun emosional ehtiyaclarına uyğun yanaşmalıyıq. Bütün bunlar olmadığı və ya zəif səviyyədə olduğu üçün bu hadisə baş verdi. Çalışmalıyıq ki, bununla bağlı məktəblər ciddi şəkildə məlumatlandırılsın və qeyd olunan məsələlər icra olunsun. Məktəblərin çox ciddi qayda-qanunları var. Amma bu gün gördük ki, onların hamısına əməl olunmur. Bu da növbəti bir faciəyə gətirib çıxardı".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən