“Müəllim maaşı ailəni dolandırmağa çatmır” - Kişi müəllimlərin az olmasına REAKSİYA

 16:10 03.11.2026     123

"Kişi müəllimlərin məktəbə qaytarılması məsələsi hazırda gündəmdə olan məsələlərdəndir. Mən özüm kişi müəllim olaraq, tədris prosesinin iştirakçısı kimi hesab edirəm ki, ilk növbədə müəllimlərin maddi rifahının yüksəldilməsi, əməkhaqlarının artırılması vacibdir. Çünki heç kimə sirr deyil ki, bir çox məktəbimizdə, xüsusilə də rayon və kənd məktəblərində dərs saatlarının az olması səbəbindən bəzi müəllimlərimiz 500 manatdan, hətta minimum əməkhaqqı hesab olunan 400 manatdan da az maaş alırlar. Belə olan halda kişi müəllimin yalnız müəllim maaşı ilə ailəsini dolandırması real görünmür".

Bunu Redaktor.az-a açıqlamasında coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə bildirdi.

"Ona görə də kişi müəllimlər bir çox hallarda məktəbdən sonra əlavə hazırlıq keçir, əlavə hazırlıq keçirmək imkanı olmayan müəllimlərimiz isə taksi sürücüsü, usta kimi çalışır, yaxud kənd təsərrüfatı ilə məşğul olurlar. Bütün bunları görən gənc nəsil hesab edir ki, yalnız müəllim maaşı ilə ailəsini dolandıra bilməyəcək. Ona görə də bu sahəyə yönəlmək istəmir. Xüsusilə də rayon yerlərində vəziyyət belədir", - deyə o qeyd etdi.

Ekspertin sözlərinə görə, digər məqam müəllimlərin cəmiyyətdəki nüfuzu məsələsidir:

"Məsələn, son zamanlar görürük ki, müəllim şagirdin üstünə qışqırdığına və ya ona qarşı yüngül fiziki zorakılıq göstərdiyinə görə uzun illər ərzindəki fəaliyyətinə bir göz qırpımında xitam verilir və işdən çıxarılır. Bunu görən və gələcəkdə müəllim olmaq istəyən gənc oğlanlar düşünürlər ki, sabah müəllim işləyərkən şagirdlə kiçik bir münaqişə yaşasalar, bütün karyeralarına son qoyulacaq.

Mən şiddətə qarşıyam və hesab edirəm ki, şagirdə heç zaman şiddət göstərilməməlidir. Amma bəzən müəllimlər emosional vəziyyətlərini nəzarətdə saxlaya bilmirlər və xoşagəlməz hallar baş verir. Bununla belə, hesab edirəm ki, belə halları həddindən artıq böyüdərək cəmiyyət qarşısında müəllimi günahkar çıxarmaq gələcəkdə bu sahəyə gəlmək istəyən insanları fikirlərindən daşındırır. Digər vacib məsələlərdən biri müəllimin ağır iş yüküdür. Məsələn, son zamanlar müəllimlərin sənəd işləri çoxalıb. Xüsusilə də "WhatsApp" qruplarının fəaliyyəti, valideynlərin çoxsaylı sualları və müəllimləri narahat etmələri bu peşədən uzaqlaşmağa səbəb olur. Yəni bilirsiniz ki, kişi müəllimlər daha az ünsiyyətə meyilli olurlar. Amma qadın valideynlər daha çox suallar verir, övladlarının fəaliyyəti, gündəlik dərsləri ilə bağlı, hətta aidiyyəti olub-olmamasından asılı olmayaraq, müəllimə çoxsaylı müraciətlər edirlər. Belə olan halda kişi müəllimlər bəzi hallarda məhz bu məsələlərə görə peşədən uzaqlaşırlar".

Müəllim hesab edir ki, istənilən halda maddi məsələ daha vacibdir:

"Çünki bir çox hallarda müəllimlərin maddi rifahının aşağı olması gənclərin bu sahəyə yönəlməsinin qarşısını alır. Bunun üçün atıla biləcək digər addımlardan biri pedaqoji ixtisaslara qəbul olan tələbələrə əlavə təqaüdlərin verilməsi və həvəsləndirmə tədbirlərinin həyata keçirilməsidir. Yəni müəllimlik ixtisası üzrə təhsil alan tələbələrə digər tələbələrlə müqayisədə daha yüksək təqaüdün verilməsi, onlar üçün sosial proqramların hazırlanması vacibdir".

T.Rzazadənin fikrincə, digər mühüm məqamlardan biri də vakansiya çatışmazlığıdır:

"Gənclər hesab edirlər ki, müəllimlik ixtisasını bitirdikdən sonra yaşadıqları ərazidə ixtisasları üzrə vakansiya tapa bilməyəcəklərsə və işləmək üçün uzaq məsafələrə getməli olacaqlarsa, başqa sahəyə yönəlmələri daha məqsədəuyğundur. Çünki bu gün vakansiya problemi bir çox gənci müəllim olmaq arzusundan çəkindirir. Bu, ciddi problemdir və hesab edirəm ki, vakansiya məsələsi həll olunmadığı təqdirdə müəllimlik peşəsinə maraq getdikcə azalacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən