"Aqrar ixtisaslar nüfuzlu universitetlərdə də tədris olunmalıdır" - Təhsil ekspertindən TƏKLİF

 17:37 03.11.2026     164

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda kənd təsərrüfatı sahəsində ixtisaslı kadr çatışmazlığının ciddi problem olduğunu bildirib. O, Dövlət Aqrar Universitetində bəzi ixtisaslar üzrə keçid ballarının aşağı olmasını tənqid edərək, bu vəziyyətin peşəkar mütəxəssis hazırlığına mane olduğunu vurğulayıb. Deputatın sözlərinə görə, aqroparklar və heyvandarlıq kompleksləri yerli kadr çatışmazlığı səbəbindən xüsusilə Türkiyədən mütəxəssis gətirilməsini istəyirlər. O, problemin həlli üçün universitetdə ciddi islahatların aparılmasını və məsələnin Nazirlər Kabineti səviyyəsində müzakirəsini təklif edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, hazırda kənd təsərrüfatı sahəsində ixtisaslı kadr çatışmazlığı problemi var. Onun sözlərinə görə, bu sahədə ciddi işlər görülməli, kadr hazırlığı istiqamətində də müvafiq addımlar atılmalıdır:

"Azərbaycanda Aqrar Universitet fəaliyyət göstərir və bu ali təhsil müəssisəsi xüsusilə kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı ilə məşğuldur. Ancaq Aqrar Universitetin fəaliyyəti hansı səviyyədədir? Bu, əlbəttə ki, düşündürücü məsələdir. Hesab edirəm ki, universitetin fəaliyyəti qənaətbəxş deyil, arzu olunan səviyyədə deyil. Bunun əsas səbəblərindən biri də həmin ali təhsil müəssisəsinə qəbul zamanı nisbətən aşağı bal toplayan abituriyentlərin bu ixtisasları seçməsidir. Yüksək bal toplayan abituriyentlər, bir qayda olaraq, kənd təsərrüfatı sahəsini seçmək istəmirlər".

Onun fikrincə, abituriyentlərin seçimlərinə müasir texnologiyalara və kompüter yönümlü ixtisaslara artan maraq da təsir göstərir:

"Ümumi baxımdan yanaşsaq, bu gün süni intellekt və kompüter yönümlü sahələrə maraq daha çoxdur. Buna görə də yüksək bal toplayan abituriyentlər birinci ixtisas qrupunda kənd təsərrüfatı ixtisaslarına nisbətən kompüter yönümlü sahələrə daha çox meyil göstərirlər".

R.Nurəliyev qeyd etdi ki, xüsusilə şəhərdə yaşayan gənclər aqrar sahədə özləri üçün kifayət qədər imkan görmədiklərinə görə alternativ istiqamətlərə üstünlük verirlər:

"Bu, təbii və müəyyən mənada normal haldır. Xüsusilə şəhərdə yaşayan gənclər kənd təsərrüfatı və aqrar sahələrdə özləri üçün quruculuq imkanları görmədiklərinə, həmçinin kompüter yönümlü sahələrdə daha çox gəlir əldə edə biləcəklərini düşündüklərinə görə həmin istiqamətlərə üstünlük verirlər".

Təhsil eksperti hesab edir ki, gələcəkdə süni intellektin əmək bazarına təsiri kənd təsərrüfatına marağı artıra bilər:

"İlk növbədə kənd təsərrüfatı sahəsini inkişaf etdirmək və genişləndirmək lazımdır. Düşünürəm ki, yaxın gələcəkdə süni intellekt bir çox sahələrdə bəzi ixtisas və peşələrə tələbatı azaldacaq. Həmin sahələrdə çalışan insanlar iş yerlərini itirdikləri təqdirdə dolanışıqlarını təmin etmək üçün kənd təsərrüfatına üz tuta bilərlər. Bu, real ehtimaldır. Yaxın 10-15 ildə proseslərin bu istiqamətdə inkişaf edəcəyini düşünürəm. Ona görə də gələcəkdə kənd təsərrüfatı sahəsinə tələbatın artacağını gözləmək olar".

Ramin Nurəliyev ixtisaslı kadr hazırlığı məsələsinin isə indidən diqqətdə saxlanılmasının vacibliyini vurğuladı:

"Bəs ixtisaslı kadrlarımız varmı? Hesab edirəm ki, aşağı bal toplayan abituriyentlərin, xüsusilə də Aqrar Universiteti seçməsi müəyyən mənada kənd təsərrüfatı sahəsində problemlər yaradır. Məsələn, ADA Universitetində də kənd təsərrüfatı üzrə ixtisaslar var. Ancaq məsələni konkret universitetlə əlaqələndirməkdənsə, ümumilikdə həmin ixtisaslara münasibət kontekstində dəyərləndirmək daha doğru olar. Çünki bu ixtisasların aşağı balla qəbul olunan sahələr kimi qəbul edilməsi yüksək bal toplayan abituriyentlərin onlara yönəlməsinə müəyyən qədər mənfi təsir göstərir".

Ekspertin sözlərinə görə, yüksək bal toplayan abituriyentlərin aqrar ixtisaslara marağının artırılması üçün həmin sahələrin nüfuzunun yüksəldilməsi vacibdir:

"Yüksək bal toplayan abituriyent düşünür ki, mən niyə kənd təsərrüfatı ixtisasını seçməliyəm? Elə birbaşa kompüter yönümlü sahədə təhsil alaram. Çünki hər iki istiqamət birinci ixtisas qrupuna daxildir və bu düşüncə istər-istəməz seçimlərə təsir göstərir. Bu istiqamətdə şəxsi düşüncəm ondan ibarətdir ki, ilk növbədə ali təhsil müəssisələrində kənd təsərrüfatı üzrə yeni ixtisaslar açılmalı və həmin ixtisaslar üzrə peşəkar kadrların hazırlanması istiqamətində real addımlar atılmalıdır. Bunun nə dərəcədə təsir göstərəcəyi isə ayrıca müzakirə mövzusudur", - deyə vurğuladı.

R.Nurəliyev işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının da bu sahəyə marağın artmasına təsir göstərə biləcəyini bildirdi:

"Bu da aqrar sahənin inkişafına müəyyən qədər təkan verəcək. İlk növbədə ali təhsil müəssisələrində, xüsusilə də nüfuzlu universitetlərdə kənd təsərrüfatı ixtisasları açılmalıdır. Eyni zamanda abituriyentlər arasında bu istiqamətdə təşviq və maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Gənclər düşünməlidirlər ki, kənd təsərrüfatı üzrə təhsil aldıqdan sonra onları hansı imkanlar gözləyir. Məsələn, heyvandarlıqla, əkinçiliklə və ya aqrar sahənin digər istiqamətləri ilə məşğul ola bilərlər. Hesab edirəm ki, bu istiqamətdə müəyyən təşəbbüslər göstərilməlidir. Bütün bunlar, əlbəttə ki, həm maarifləndirmədən, həm də kənd təsərrüfatının inkişafından asılıdır. Əgər aqrar sahə inkişaf edərsə, həmin ixtisaslara da tələbat artacaq".

O, problemin həlli üçün ilk növbədə aqrar sahənin inkişafına, daha sonra isə ali təhsil müəssisələrində kadr hazırlığının genişləndirilməsinə ehtiyac olduğunu söylədi:

"Ona görə də ilk növbədə kənd təsərrüfatının inkişafı istiqamətində müəyyən addımlar atılmalıdır. Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə təşəbbüslərlə çıxış etməlidir. Bundan sonra ali təhsil müəssisələrində, xüsusilə də nüfuzlu universitetlərdə aqrar ixtisasların açılmasına şərait yaradılmalıdır. Həmin sahələrdə tədris apara biləcək peşəkar kadrların yetişdirilməsi də vacibdir. Hesab edirəm ki, bu baxımdan Aqrar Universitet təkbaşına kifayət etmir və digər nüfuzlu universitetlərdə də müvafiq ixtisasların açılması təşviq oluna bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən