Kişi müəllimlər üçün güzəştlər tətbiq oluna bilər – TƏKLİF

 20:25 03.11.2026     168

"Artıq kişi müəllimlərin məktəblərdə az olması təkcə Azərbaycanda müşahidə olunan problem deyil. Bu hal, demək olar ki, təhsil sahəsində inkişaf etmiş ölkələrdə də mövcuddur. Ancaq Azərbaycanda bu problemin qarşısını almaq üçün müəyyən stimullaşdırıcı addımlar atmaq olar. Məsələn, gənc oğlanlara hərbi xidmətlə bağlı möhlət hüququ verilə bilər. Bu halda, əlbəttə ki, təhsil sahəsinə meyilli və maraqlı olan gənclərin müəllimliyə həvəsi artar. Bundan əlavə, kənd yerlərində işləməyə gedən gənc müəllimlər üçün müəyyən təsərrüfat imkanları yaratmaq, müxtəlif həvəsləndirici addımlar atmaq mümkündür. Bu cür imkanlar xüsusilə gənc kişi müəllimlərin bölgələrdə işləməyə marağını artıra bilər".

Bunu Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Məzahir Məmmədli bildirdi.

Onun sözlərinə görə, kişi müəllimlərin sayının artırılması üçün onların sosial təminatının yaxşılaşdırılması və əmək fəaliyyətini stimullaşdıran əlavə güzəştlərin tətbiqi də vacibdir:

"Onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı addımlar atılsa, bu, müsbət nəticələrə gətirib çıxara bilər. Eyni zamanda, onlara digər güzəştlər də təklif etmək olar. Məsələn, müəllimlərin işə qəbulu imtahanından və ya sertifikasiyadan sonra vakansiya seçimi mərhələsində müəyyən güzəştlər tətbiq edilə bilər. Şəhid ailələrinə verilən güzəştlərə bənzər mexanizmlər kişi müəllimlərin bu sahəyə cəlb olunmasını stimullaşdırmaq məqsədilə də nəzərdən keçirilə bilər. Qısası, bu istiqamətdə dövlət və hökumət səviyyəsində müəyyən planlar hazırlanmalı, həmin planların tərkib hissəsi kimi konkret stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən