“Müəllimlər süni intellektdən istifadə edir, amma hamısı düzgün bacarmır” - Direktordan AÇIQLAMA
"Azərbaycan məktəblərində süni intellektdən istifadəyə müəllimlərin çox az hissəsi hazırdır. Düzdür, gündəlik həyatımızda telefondan istifadə edərkən süni intellekt alətlərinə tez-tez müraciət edirik. Lakin bu alətləri dərs prosesinə uyğunlaşdırmaq üçün xüsusi təlimlər keçirilməli, onlardan istifadəni təmin edəcək elektron dərs resursları yaradılmalıdır. Bu resurslardan məqsədyönlü şəkildə yararlanmaq vacibdir".
Bunu Redaktor.az-a açıqlamasında Füzuli rayon Qarabağ kənd tam orta məktəbinin direktoru, "İlin gənc müəllimi" və "İlin peşəkar gənci" Əlihüseyn Yaqubov bildirdi.
"Məsələn, biz məktəbimizdə süni intellektdən istifadə etməyə iki il əvvəl başlamışıq. Müəllimlərə gündəlik dərslərini hazırlayarkən planlaşdırma prosesində süni intellektdən istifadə etməyə icazə verdik. Bundan əvvəl isə Estoniyada yaşayan azərbaycanlı, Estoniya Təhsil Akademiyasının rəhbəri Səbinə xanım müəllimlərimiz üçün onlayn süni intellekt təlimi keçirdi. Həmin təlimdən sonra müəllimlərimiz bu alətlərdən istifadə etməyə başladılar", - deyə o qeyd etdi.
Direktorun sözlərinə görə,, praktik fəaliyyət zamanı süni intellektdən istifadə ilə bağlı sui-istifadə halları ilə də qarşılaşmaq mümkündür:
"Məsələn, müəllim dərs planı hazırlayarkən mövzunu və standartları süni intellektə təqdim edir, alət isə hazır planı ona təqdim edirdi. Lakin bəzi hallarda müəllim özü tədris etdiyi mövzudan xəbərsiz olurdu. Çünki bütün prosesi süni intellekt həyata keçirmiş, müəllim isə hazırlanan materialı ayrıca yoxlamağa ehtiyac duymamışdı. Bundan sonra bu məsələ ilə bağlı monitorinqlər aparmağa başladıq".
Əlihüseyn Yaqubov süni intellekt alətlərindən istifadənin vahid qaydalar əsasında tənzimlənməsinin vacibliyini də vurğuladı.
"Düşünürəm ki, süni intellekt alətlərindən istifadə üçün vahid proqram olmalıdır. Xüsusilə Elm və Təhsil Nazirliyi bu istiqamətdə xüsusi çərçivə sənədi və nəzarət mexanizmi hazırlasa, proses daha səmərəli təşkil oluna bilər. Çünki biz XXI əsrdə yaşayırıq. Düzdür, hər zaman qeyd etdiyimiz kimi, süni intellekt heç vaxt müəllimi əvəz edə bilməz. Ancaq müəllimin fəaliyyətində dəstəkləyici vasitə kimi istifadə oluna bilər. Ona görə də məqsədyönlü təlimlər təşkil etməklə müəllimlərin süni intellekt alətlərindən düzgün istifadəsini təmin etmək mümkündür. Bu istiqamətdə ən vacib məsələlərdən biri də müəllimlərin süni intellektdən hansı məqsədlərlə və necə istifadə edə biləcəyinin müəyyənləşdirilməsidir. Süni intellekt müəllimlərə hansı bilikləri və imkanları təqdim edə bilər? Bu suallar ətrafında sorğular və araşdırmalar aparılmalı, əldə olunan nəticələr sistemləşdirilərək vahid şəkildə təqdim edilməlidir", - deyə həmsöhbətimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI













