Məktəblərdə futbol dərnəyi var, stadion yoxdur – Şagirdlər necə məşq edəcək?

 15:43 11.11.2026     37

Məktəblərdə bu tədris ilindən etibarən yaradıcılıq və idman istiqamətləri üzrə dərnəklər fəaliyyətə başlayıb. Şagirdlər xor, teatr, musiqi, rəqs, futbol, basketbol və voleybol dərnəklərinə könüllü şəkildə qoşula bilərlər. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bütün ümumi təhsil məktəblərində hər iki istiqamət üzrə minimum bir dərnəyin yaradılması nəzərdə tutulur. Dərnəklərə qəbul valideynlərin ərizəsi əsasında həyata keçirilir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, 2026-cı tədris ilindən etibarən ali və orta təhsil müəssisələrində müvafiq dərnəklərin fəaliyyəti genişləndirilib:

"Düzdür, bu dərnəklər əvvəl də fəaliyyət göstərirdi, lakin onların əhatə dairəsi bir qədər artırılıb. Burada musiqi, futbol, basketbol, voleybol, xor, teatr və digər istiqamətlər üzrə şagirdlər öz bilik və bacarıqlarını inkişaf etdirirlər. Lakin bəzi təhsil müəssisələrində futbol dərnəyinə yazılan şagirdlər bu idman növünü yalnız nəzəri cəhətdən öyrənə bilirlər. Çünki həmin məktəblərin ərazisində stadion yoxdur. Eyni vəziyyət voleybol və digər idman istiqamətləri üzrə də müşahidə olunur. Belə məktəblərdə şagirdlərin müəyyən bilik və bacarıqlarını nəzəri cəhətdən möhkəmləndirmək mümkün olsa da, praktiki məşğələlər keçirmək imkanları məhduddur".

O əlavə etdi ki, digər tərəfdən, bəzi məktəblərimizdə təkcə idman meydançaları deyil, idman zalları da mövcuddur. Bu isə şagirdlərə soyuq aylarda belə nəzəri biliklərini praktiki məşğələlərlə möhkəmləndirmək imkanı yaradır. Ancaq ekspert bəzi təhsil müəssisələrində bu imkanın olmadığını da vurğuladı:

"Təəssüf ki, bir çox təhsil müəssisəsində bu imkanlar olmadığı üçün şagirdlər çətinlik çəkirlər. Bu baxımdan düşünürük ki, qarşıdakı illərdə bəzi təhsil müəssisələrində, ən azı açıq idman meydançaları olmasa belə, qapalı məkanlarda müvafiq dərnəklərin fəaliyyəti üçün zəruri infrastruktur formalaşdırılmalıdır. Beləliklə, şagirdlər nəzəri biliklərini praktikada tətbiq edə bilərlər. Dərnəklərin əhəmiyyəti, əlbəttə ki, böyükdür. Düzdür, əldə olunan bilikləri praktikaya çevirmək mümkün olmadıqda bu fəaliyyət müəyyən qədər məhdudlaşır. Lakin ümumilikdə dərnəklər böyük əhəmiyyət kəsb edir. Çünki hər bir şagirdin müəyyən istedadı var və bu istedadın üzə çıxarılması vacibdir. Məhz bu baxımdan dərnəklərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən