Məktəb dərnəkləri abituriyentləri qabiliyyət imtahanlarına hazırlaya bilər - AÇIQLAMA

 17:15 11.11.2026     36

Məktəblərdə dərnəklərin fəaliyyəti gücləndirilir. Dərnəklər məktəblilərin inkişafında dərsdənkənar fəaliyyətlər mühüm rol oynayır. İdman, incəsənət, elmi-texniki yaradıcılıq və digər istiqamətlər üzrə dərnəklər şagirdlərə bacarıqlarını üzə çıxarmaq, maraqlarını kəşf etmək və asudə vaxtlarını səmərəli keçirmək imkanı yaradır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Murad hesab edir ki, bu qərar təqdirəlayiqdir:

"Çünki xüsusilə beşinci ixtisas qrupu üzrə imtahan vermək, qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlər əlavə olaraq qabiliyyət istiqamətləri üzrə hazırlıqlara gedirlər. Bu təşəbbüsün həyata keçirilməsi müsbət addımdır. Çünki bəzi istedadlar məhz bu yolla üzə çıxacaq. İkinci məsələ isə ondan ibarətdir ki, belə bir layihə çərçivəsində akademiyalardan müəllimlər dəvət olunmalı, xüsusilə 11-ci sinif şagirdlərinin məşğələləri izlənilməli və onların hazırlıq səviyyəsinə nəzarət edilməlidir. Beləliklə, şagirdlər qabiliyyət imtahanına gedərkən artıq müəyyən bacarıqlara yiyələnmiş olacaqlar".

Onun sözlərinə görə, məqsəd odur ki, həmin bacarıqlar şagirdlərdə tam formalaşsın və əlavə hazırlıqlara getməyə ehtiyac qalmasın:

"Əlavə hazırlığa getsələr belə, ən azı ilkin bilik və bacarıqlara, müəyyən yaradıcılıq bazasına sahib olsunlar. Ümumilikdə, bu, yerində verilmiş qərardır və çoxdan həyata keçirilməli idi. Gələcəkdə bu təşəbbüsün Dövlət Rəssamlıq Akademiyası və Musiqi Akademiyası ilə əməkdaşlıq çərçivəsində paralel şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Bu, tələbə adını qazanmaq istəyən abituriyentlərin, eləcə də məktəblilərin daha çox faydasına xidmət edər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən