30 balla 49 bal toplayan müəllimin maaşı niyə eyni artır? - Ekspertdən ETİRAZ

 18:03 11.11.2026     41

Müəllimlərin sertifikasiya imtahanında topladıqları ballara uyğun əməkhaqqı əlavələrinin hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Hazırkı sistemdə cəmi bir bal fərqin maaş əlavəsində ciddi fərq yaratması müəllimlər arasında müzakirələrə səbəb olur. Təklifə əsasən, nəticələrin daha kiçik bal intervalları üzrə bölünməsi və əməkhaqqı artımının mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

Bəs bu dəyişiklik müəllimlər arasında ədalətli qiymətləndirməni təmin edə bilərmi? Hazırkı sertifikasiya sistemində əməkhaqqı əlavələrinin bal intervalları üzrə müəyyənləşdirilməsini nə dərəcədə ədalətli hesab olunur?

Bununla bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, müəllimlərin sertifikasiya imtahanında topladıqları ballara uyğun olaraq əməkhaqlarına əlavələrin edilməsində müəyyən təzadlar var:

"Bu təzadlar da istər-istəməz müəllimlər arasında ədalət prinsipinə zərər vurur. Bunu sadə şəkildə belə izah etmək olar: 30 bal toplayan müəllimlə 49 bal toplayan müəllimin hər ikisinə 10 faiz əlavə verilməsi, yaxud 49 bal toplayan müəllimlə 51 bal toplayan müəllim arasında cəmi iki bal fərq olmasına baxmayaraq, birinin əməkhaqqına 10 faiz, digərinin əməkhaqqına isə 35 faiz əlavə edilməsi ədalət prinsipi baxımından müəyyən suallar yaradır".

Ramin Nurəliyev: “Uşaqların texnologiyalardan istifadəsinə nəzarət ailədən  başlamalıdır” | QHT.az

Müsahibimiz hesab edir ki, müəllimlərin sertifikasiya imtahanının nəticələrinə uyğun əməkhaqqının tənzimlənməsi məsələsinə yenidən baxılmalı və daha ədalətli qərar verilməlidir:

"Təklif ondan ibarətdir ki, aşağı bal aralıqlarına uyğun əməkhaqqı artımları yenidən tənzimlənsin. Məsələn, müəllim 30 bal toplayıbsa, əməkhaqqına 10 faiz, 35 bal topladıqda 20 faiz, 40 bal topladıqda isə 30 faiz əlavə edilə bilər. Eyni zamanda, 40-50 bal aralığında və digər nəticələr üzrə də beşballıq intervallarla artım tətbiq etmək mümkündür. Məsələn, 30-35 bal aralığı üçün 10 faiz, 35-40 bal aralığı üçün 25 faiz, 45-50 bal aralığı üçün 30 faiz, 50-55 bal aralığı üçün 35 faiz, 55-60 bal aralığı üçün isə 40-50 faiz əməkhaqqı əlavəsi nəzərdə tutula bilər. Yəni bu prinsiplərə uyğun olaraq maaş artımını tənzimləmək olar. Əlbəttə ki, hazırkı vəziyyət müəllimlər arasında haqlı narazılığa səbəb olur. Çünki qeyd etdiyim kimi, 30 bal toplayan müəllimlə 49 bal toplayan müəllimin əməkhaqqına eyni – 10 faizlik əlavənin edilməsi ədalət prinsipi baxımından düzgün yanaşma deyil".

Ekspert qeyd etdi ki, 51 bal toplayan müəllimlə 49 bal toplayan müəllim arasında cəmi iki bal fərq var:

"Lakin bu fərqə görə 49 bal toplayan müəllimin əməkhaqqına 10 faiz, 51 bal toplayan müəllimin əməkhaqqına isə 35 faiz əlavə edilir. Burada da ciddi problem var. Belə ki, 30 balla 49 bal arasında 19 bal fərq olmasına baxmayaraq, əməkhaqqı əlavəsində heç bir fərq yaranmır. Digər tərəfdən, cəmi iki ballıq fərq əməkhaqqında ciddi artıma səbəb olur. Bu isə istər-istəməz ədalət prinsipinə zidd qiymətləndirmə kimi qəbul edilir. Ona görə də düşünürəm ki, müvafiq qurumlar bu istiqamətdə sertifikasiya imtahanının nəticələrinə uyğun əməkhaqqı əlavələrinin hesablanması mexanizminə yenidən baxmalı və müvafiq tənzimləmələr həyata keçirməlidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən