Məktəblərdə monitorinqlər aparıldı - Tövsiyələr VERİLDİ
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatının əməkdaşları tərəfindən Şamaxı şəhəri Elşən Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində və Şamaxı rayonu Faiq Əzməmmədov adına Quşçu kənd tam orta ümumtəhsil məktəbində monitorinqlər və maarifləndirmə tədbirləri keçirilib.
Redaktor.az xəbər verir ki, Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində həyata keçirilən monitorinqlərin məqsədi həmin təhsil müəssisələrində uşaqların təhlükəsizliyi və zorakılıq halları ilə mübarizə mexanizmi, eləcə də təhsildən yayınan uşaqlarla bağlı mövcud vəziyyəti araşdırmaqdan ibarət olub.
Ombudsmanın “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə monitorinq qrupu tərəfindən təhsil müəssisələrində otaqların mövcud vəziyyəti öyrənilib, həmçinin şagirdlər, məktəb rəhbərliyinin nümayəndələri və məktəb psixoloqları arasında sorğular keçirilib. Sorğuların nəticələrinin təhlil edilməsi, aşkar olunan problemlərin və risklərin qiymətləndirilməsi, habelə əldə edilmiş məlumatlar əsasında tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Eyni zamanda, şagirdlərlə zorakılığın müxtəlif formaları, onun doğurduğu mənfi nəticələr və bu kimi hallardan müdafiə yolları barədə maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Maarifləndirmə tədbirlərində ümumilikdə 370 şagird və 35-dən çox pedaqoji işçi iştirak edib. Görüşlər çərçivəsində uşaq hüquqlarının müdafiəsi və təbliğinə yönəlmiş maarifləndirici nəşrlər təqdim olunub.
Monitorinqlərin yekununda zorakılıqla mübarizə mexanizminin və göstərilən psixoloji xidmətin təkmilləşdirilməsi, xidmətlərə əlçatanlığın bərabər şəkildə təmin edilməsi və digər məsələlər üzrə müəyyən edilmiş çatışmazlıqlar təhsil müəssisələrinin rəhbərliyi ilə müzakirə edilib, onların aradan qaldırılması, habelə uşaqların hüquq və qanuni mənafelərinin daha səmərəli müdafiəsi üçün müvafiq tövsiyələr verilib.














