Müəllimlərin maaşı artacaq, amma hamının yox – Sona Əliyevadan 2027-ci ilin PROQNOZU
Maliyyə nazirinin müavini Himalay Məmişov bildirib ki, 2027-ci ildə elm və təhsil xərclərinə 5,4 milyard manat və ya 12,9 faiz həcmində vəsait ayrılacaq. Onun sözlərinə görə, bu, 2025-ci ilin dövlət büdcəsinin icrası ilə müqayisədə 538 milyon manat və ya 11,2 faiz çoxdur.
Bəs elm və təhsil sahəsinə ayrılan vəsaitin artırılması 2027-ci ildə müəllimlərin maaşına da təsir edə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, müəllimlərin maaşı 2027-ci ildə arta bilər, amma bu artım onların gözlədiyi səviyyədə olmaya bilər:
"Rəqəmlər böyük görünür, amma yaxından baxanda mənzərə daha təvazökardır. Bunun bir neçə səbəbi var. 538 milyon manatlıq artım 2026-cı illə deyil, 2025-ci ilin icrası ilə müqayisədə verilir. Yəni bu 11,2 faiz iki ilin artımıdır, illik hesabla isə təxminən 5-6 faiz edir. Gələn il üçün inflyasiya proqnozu 5,3 faizdir. Deməli, əlavə vəsaitin böyük hissəsini qiymət artımı udacaq. Pulun bir hissəsi də məktəbəqədər təhsilə, azad olunmuş ərazilərdəki yeni məktəblərə və rəqəmsallaşmaya gedəcək. Ümumi büdcə xərclərinin cəmi 1,7 faiz artdığı ildə hamı üçün böyük maaş artımı gözləmək real deyil".
Onun sözlərinə görə, digər tərəfdən, ümid üçün əsas da var.
"Prezidentin sentyabr fərmanı ilə məktəblərdə hər şagirdə düşən xərcə artım əmsalı tətbiq olunur. Adambaşına maliyyələşən məktəbdə müəllim maaşı məhz bu vəsaitdən ödənilir. Əmsal real olarsa, maaş da hiss olunacaq. Simvolik olarsa, artım da simvolik qalacaq. Bu rəqəmi isə hələ Nazirlər Kabinetinin təsdiqləməsi gözlənilir.
Burada üç variant var. Birincisi, büdcə təşkilatlarında ümumi maaş artımıdır. Bəzi iqtisadçılar 8-10 faiz artım gözləyirdi, amma büdcənin zəif artım tempi bu ehtimalı azaldır. İkincisi, seçici artımdır: adambaşına maliyyələşmə əmsalı və sertifikasiya əlavələri hesabına müəllimlərin bir hissəsinin gəliri inflyasiyanı az fərqlə qabaqlayır. Üçüncüsü isə maaşların dondurulmasıdır. Amma fərmanın yeni qüvvəyə mindiyi bir vaxtda bu, ən az ehtimal olunan variantdır.
Fikrimcə, ikinci variant daha inandırıcıdır. Sertifikasiyadan keçən və çox şagirdli məktəbdə çalışan müəllim artımı hiss edəcək. Kənd məktəbində, az şagirdli sinifdə dərs deyən müəllim isə fərqi demək olar ki, görməyəcək. Ən böyük risk də buradadır. Bakıda müəllimin orta maaşı 1109 manata çatıb, regionlarda isə xeyli aşağıdır. Model diqqətlə tənzimlənməzsə, Bakı ilə regionlar arasındakı uçurum daha da dərinləşəcək.
Bir sözlə, büdcə müəllimə qapını açır, amma taybatay açmır. Deməli, 2027-ci ildə müəllimin taleyini büdcənin ümumi rəqəmi yox, adambaşına maliyyələşmə əmsalı həll edəcək. Bu əmsalın ədalətli olması isə əslində müəllimə verilən dəyərin ölçüsüdür", - deyə S.Əliyeva yekunlaşdırdı.
NURİYYƏ













