Müəllimlərin sertifikasiya nəticələrinə görə maaşı belə artırıla bilər - AÇIQLAMA

 19:38 13.11.2026     78

"Müəllimlərin sertifikasiya imtahanında topladıqları ballara uyğun əməkhaqqı əlavələrinin hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Hazırkı sistemdə cəmi bir bal fərqin maaş əlavəsində ciddi fərq yaratması müəllimlər arasında müzakirələrə səbəb olur. Təklifə əsasən, nəticələrin daha kiçik bal intervalları üzrə bölünməsi və əməkhaqqı artımının mərhələli şəkildə tətbiqi nəzərdə tutulur".

Bunu Redaktor.az-a açıqlamasında coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə bildirdi. O qeyd etdi ki, bu məsələ ilə bağlı mövqeyi hər zaman birmənalı olub:

"Hesab edirəm ki, 30 bal toplayan müəllimlə 50 bal toplayan müəllimin əməkhaqqına eyni artımın tətbiq edilməsi nə ədalətli, nə də məntiqli yanaşmadır. Mən bunu doğru hesab etmirəm. Tələbələrin təqaüdlərinə nəzər salsaq, görərik ki, onlar semestr ərzində topladıqları ballara uyğun olaraq adi, zərbəçi və əlaçı olmaqla üç qrupa bölünürlər. Ümumiyyətlə, qiymətləndirmə sistemlərinə baxsaq, əksəriyyətində ən azı üç qiymətləndirmə növü mövcuddur".

Ekspert hesab edir ki, mövcud qaydalara əsasən, 30-dan 50-dək bal toplayan müəllimlərin, o cümlədən 50 bal toplayanların əməkhaqqının cəmi 10 faiz artırılması onlarda rəqabət motivasiyası formalaşdırmır. O, təklif etdiyi yeni bölgünü də açıqladı:

"Mənim təklifim ondan ibarətdir ki, 30-39 bal toplayan müəllimlərin əməkhaqqı 10 faiz, 40-49 bal toplayan müəllimlərin əməkhaqqı 25 faiz, 50-60 bal toplayan müəllimlərin əməkhaqqı isə 35 faiz artırılsın. Hesab edirəm ki, bu yanaşma müəllimlər arasında daha yüksək bal toplamaq üçün rəqabət mühiti formalaşdıracaq. Məsələn, mövcud qaydalara görə, müəllim 50 balı keçmədiyi halda əməkhaqqına 10 faiz artım tətbiq olunur. Belə olan təqdirdə müəllimlər daha yüksək bal toplamağa o qədər də meylli olmurlar. Elə müəllimlərimiz var ki, 50 balı toplaya bilməyəcəyini, özündə belə bir potensial görmədiyini düşünür və 30-50 bal aralığında nəticə əldə etməklə kifayətlənir. Bu zaman həmin müəllimin 40 balı keçməsi üçün hər hansı motivasiya, səbəb qalmır. Çünki o, 45 bal da toplasa, 31 bal da toplasa, əməkhaqqına eyni artım tətbiq ediləcək. Bu isə müəllimlər arasında rəqabət hissini və rəqabət mühitini müəyyən qədər zəiflədir".

T. Rzazadə diferensial yanaşmanın mövcud sistemdə yalnız formal xarakter daşıdığını düşünür. Onun sözlərinə görə, müəllimlərin topladıqları bala uyğun əməkhaqqı artımı tətbiq edilməli və qiymətləndirmə mexanizmi bu prinsipə əsaslanmalıdır:

"Diferensial yanaşmanın mahiyyəti fərdi qiymətləndirmə və müəllimlərin topladıqları bala uyğun əməkhaqqı artımının tətbiq edilməsidir. Əgər bizim təklif etdiyimiz üç meyar əsasında qiymətləndirmə şkalası tətbiq olunarsa, yəni müəllimlərin maaşları topladıqları bala uyğun artırılarsa, o zaman həqiqətən də diferensial artımdan danışmaq mümkün olar. Burada digər vacib məqam ondan ibarətdir ki, Naxçıvanda keçirilən ikinci dövrə sertifikasiya imtahanları bizə göstərdi ki, müəllimlərin əməkhaqqı artımı beş ildən sonra belə əvvəlki səviyyədə qalmaya bilər. Belə ki, birinci dövrə sertifikasiya imtahanlarında tətbiq olunan 35 və 10 faizlik artımlar ikinci dövrə imtahanlarının nəticələrinə əsasən ya olduğu kimi saxlanıla, ya da azaldıla bilər. Hətta təsəvvür edək ki, müəllim beş il əvvəl birinci sertifikasiya imtahanında 51 bal toplayıb və əməkhaqqına 35 faiz artım tətbiq olunub. İkinci dövrə sertifikasiyada isə 50 bal topladığı halda həmin artım 35 faizdən 10 faizə düşəcək. Hesab edirəm ki, bu da doğru yanaşma deyil. Belə bir qərar müəllimlər arasında narazılığa səbəb ola bilər".

Təhsil eksperti təklif edir ki, müəllimlərin əməkhaqqı ən azı hər beş ildən bir, hər sertifikasiya imtahanının nəticəsinə uyğun olaraq, irəli sürdüyü diferensial sistem əsasında artırılsın.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən