Sertifikasiya ilə bağlı yeni təklif: Müəllimlərin maaşına əlavə necə hesablanmalıdır?
"Müəllimlərin sertifikasiya balına görə əməkhaqqı əlavələrini yenidən nəzərdən keçirmək təklifi əsassız deyil. Gəlin məsələyə əvvəlcə faktlarla baxaq. Hazırkı qaydaya görə, test imtahanında 30-50 bal toplayan müəllimin vəzifə maaşına 10 faiz, 51-60 bal toplayan müəllimin maaşına isə 35 faiz əlavə edilir. 2022-2026-cı illərdə 91 mindən çox müəllimin maaşı artırılıb. Onlardan təxminən 61 mini 10 faiz, 30 mindən çoxu isə 35 faiz əlavə alır. Yəni müəllimlərin təxminən üçdə ikisi eyni bal intervalına daxil edilib və onlar arasında heç bir fərq qoyulmur".
Bunu Redaktor.az-a açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva bildirdi.
O qeyd etdi ki, mövcud sistemin ədalətsizliyi bir neçə məqamda özünü göstərir:
"Birincisi, 50 bal toplayan müəllim 10 faiz, 51 bal toplayan isə 35 faiz əlavə alır. Bir bal fərq əlavəni 3,5 dəfə artırır. İkincisi, 31 balla 50 bal arasında 19 bal fərq var, amma əlavə eynidir. Yəni 35 bal toplayan müəllim nəticəsini 50-yə qaldırsa da, maaşında heç nə dəyişməyəcək. Üçüncüsü, 60 suallıq testdə bir-iki ballıq fərq təsadüfən də yarana bilər: bir sualda tərəddüd etmək, başqa birində uğurlu təxmin etmək kifayətdir. Belə kiçik fərqin ailə büdcəsinə ciddi təsir etməsi düzgün deyil. Dördüncüsü, müsahibə mərhələsində müəllimin praktiki bacarığı qiymətləndirilir, amma bu bal maaşa heç bir təsir göstərmir".

Əməkdar müəllim mövcud sistemin müsbət tərəflərinin də olduğunu vurğuladı. Onun sözlərinə görə, qayda sadədir, hər kəs nə qədər əlavə alacağını əvvəlcədən bilir, sertifikasiyadan keçən bütün müəllimlərin maaşı artır və dövlət büdcəni dəqiq planlaşdıra bilir. Bununla belə, Nazirlik cari mərhələdə qiymətləndirmə qaydalarında köklü dəyişiklik nəzərdə tutulmadığını bildirib.
Müsahibimiz hesab edir ki, təklif olunan kiçik intervallar problemi tam həll etməyəcək:
"Ballar 5 və ya 10 ballıq aralıqlara bölünsə, uçurum kiçiləcək, amma yox olmayacaq. Bu dəfə fərq 40 və 41, yaxud 45 və 46 bal arasında yaranacaq. Deməli, bir böyük ədalətsizlik bir neçə kiçik ədalətsizliyə bölünəcək. Bundan əlavə, təklif müəllifləri heç bir maliyyə hesablaması təqdim etmir. Ballar üzrə müəllim sayı açıqlanmadığı üçün yeni sistemin büdcəyə nə qədər yük olacağını bu gün heç kim dəqiq deyə bilməz".
Keçmiş deputat beynəlxalq təcrübədən də danışaraq Qazaxıstan və Çilinin nümunələrini göstərdi:
"Beynəlxalq təcrübəyə baxsaq, Qazaxıstanda kateqoriyalar üzrə əlavələr 30, 35, 40 və 50 faizdir. Yəni pillələr arasındakı fərq 5-10 faizi keçmir, kateqoriya isə yalnız imtahana yox, staja da bağlıdır. Çilidə müəllimin pilləsi bir testlə yox, imtahanla portfolionun birgə nəticəsi ilə müəyyənləşir. Amma Çili təcrübəsi onu da göstərir ki, maaşı yalnız qiymətləndirməyə bağlamaq müəllimlər arasında gərginlik yarada bilər".
Sona Əliyevanın fikrincə, ən ağlabatan yol bir neçə addımdan ibarətdir:
"İlk növbədə, əlavə hər bala mütənasib hesablanmalıdır ki, bir bal fərq yalnız bir bal qədər pul fərqi yaratsın. Həmçinin hazırda 35 faiz əlavə alan müəllimin qazandığı hüquq qorunmalıdır. Müsahibə balı da yekun nəticəyə daxil edilməlidir. Nəhayət, Nazirlik ballar üzrə müəllim sayını açıqlamalıdır ki, müzakirə ehtimallar üzərində yox, rəqəmlər üzərində aparılsın. Bir sözlə, mövcud sistem ədalətli deyil, amma kiçik intervallar da son həll yolu deyil. Dəyişiklik ediləcəksə, yarımçıq qalmamalıdır".
Xədicə BAXIŞLI













